80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə İimişli rayonunun Oruclu və Ağammədli kəndlərində yaşayan seçiciləri ilə görüşlər keçirib.
İnterpress.az xəbər verir ki, deputatlığa namizəd seçicilərlə görüş zamanı son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib. Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, kənd camaatı bəzi məsələlərlə bağlı fikirlərini də dilə gətiriblər.
Əsas məsələ hektarlarla torpaq sahələrinin bəzi adamlara icarəyə verilməsi ilə bağlıdır. Sakinlər kənddə insanların sayının artdığını və gənc ailələrin torpaq payı olmadığından məhsul əkib becərə bilmədiklərini deyiblər. O da qeyd olunub ki, ayrı-ayrı şəxslərə həm Dövlət Fondundan, həm də bələdiyyələrdən müqavilələrlə 100, 200 hektarlarla torpaqlar verilib.
Vətəndaşlar xahişlərinin ən yüksək aidiyyatı dairələrə çatdırılması, müqavilələrə yenidən baxılması, həmin torpaqlardan müqavilə əsasında heç olmasa 20-30 hektar kənd camaatına verilməsi barədə Çingiz Qənizadədən xahiş ediblər.
Deputatlığa namizəd növbəti dəfə də deputat seçiləcəyi təqdirdə məlum məsələlərin həllində yardımçı olmağa çalışacağını istisna etməyib.
Sonda seçicilər fevralın 9-da seçimlərinin Çingiz Qənizadə olacağını xüsusi qeyd ediblər.