Ermənistan ordusu geri çəkilsin!backend

Ermənistan ordusu geri çəkilsin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AŞPA-nın sosial məsələlər komitəsinin Parisdə keçirilən iclasında Ermənistan silahlı qüvvələrinin Sərsəng su anbarının yerləşdiyi bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə layihəsi qəbul edilib.
Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. O deyib ki, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsində qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir. Ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.
Elxan Süleymanov – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və parlamentarilərin mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.

Sərsəng su anbarı
Sərsəng su anbarı Azərbaycana məxsus 1976 ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su anbarıdır. Onun ümumi sututumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan (keçmiş Ağdərə rayonu) ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.
Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.

İnterpress.az