Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi demək olar ki, Azərbaycan dövlətinin xarici siyasətində önəmli rol oynayan təşkilatlardan biridir. Komitənin gənc sədrini və əməkdaşlarını təbrik edir, gələcəkdə fəaliyyətlərində böyük uğurlar arzulayıram.
Bu sözləri İnterpress.az-a Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19-cü ildönümü münasibətilə fikirlərini şərh edərkən bildirib.
“Uzun müddət imperiya ilə tərkibində olduğumuz zaman xariclə əlaqələr kəsilib, iş qurmaq mümkün olmayıb və nəticədə beynəlxalq aləmə çıxmaq imkanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yarandı. Ancaq tarixə nəzər salarsaq dövlətin iqtisadi durumunun zəifliyi, daxili çəkişmələr və sair amillər bunun tam yetkinləşməsinə, formalaşmasına rəvac verə biləcək səbəbləri təmin etmədi. Nəticədə bütün sahələrdə olduğu kimi dövlətin tarixi taleyinin bütün nəzəri tərəflərini həmişə böyük uzaqgörənliklə həyata keçirən Ulu öndər bu təşkilatın formalaşmasına rəvac verə biləcək addımlar atdı. Məsələn, Dünya Azərbaycanlarının Qurultaylarının keçirilməsi, dünyanın müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla işin qurulması demək olar ki, Diaspor Komitəsinin ayaqüstə durmasına səbəb oldu”.
Sədr müavini bəzən diaspor komitəsindən yüz illərlə mövcud olan məsələləri tələb etməyin düzgün olmadığını diqqətdə çatdırdı.
“Biz bəzən diaspor komitəsindən yüz illərlə mövcud olan diaspor fəaliyyətini tələb etsək, yanlış mövqe tutmuş olarıq. Hələ sovet dövründə erməni lobbisi gizli fəaliyyət göstərirdi. Erməni lobbisi iri dövlətlərin siyasətinə təsir edirlər. Azərbaycan və qardaş Türkiyə bəzən bu proseslərlə üz-üzə qalır. Görün erməni diasporunun gücü nə qədər idi ki, Fransada qondarma genosidin, Amerikada müəyyən qərarların, əsasən 907-ci düzəlişin qəbuluna öz təsirlərini göstərirdilər”,- deyə F. İbrahimli vurğulayıb.
Fəzail İbrahimli 2003-cü ildən sonra vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini bildirdi.
“2003-cü ildən sonra vəziyyət dəyişməyə başladı. Azərbaycan öz iqtisadi qüdrətini bərpa edəndən sonra vəziyyət sonra dərəcə dəyişdi. İlham Əliyevin hakimiyyəti gəlişindən az sonra Heydər Əliyevin qurduğu strateji xətt öz bəhrəsini verməyə başladı. Neft strategiyası Azərbaycanın xarici siyasəti, iqtisadi gücü, müstəqiliyi üçün rəvac verə biləcək nəticələr verdi. Nəticədə Azərbaycan dünya dövlətləri arasında öz yerini tutdu. Xüsusilə, neft strategiyası bizi xarici dövlətlərdən asılılı vəziyyətə düşməkdən xilas etdi. Bu inkişaf strategiyası Azərbaycanın diasporunun fəaliyyətinə böyük müsbət təsirini göstərdi”.
Sədr müavini Fuad Muradovun fəaliyyətinə toxunub.
“Bizim gənc həmkarımız Fuad Muradovun sədr seçilməsindən sonra komitənin fəaliyyətində yeni mərhələ başlayıb. Bu yeni mərhələni səciyyənləndirən cəhətlər nədən ibarətdir: Dünyanın bütün ölkələrində Azərbaycan diaspor təşkilatlarının, üzvlərinin səsi eşidilir. Xarici dövlət və beynəlxalq təşkilatlarda Azərbaycanın tarixi taleyi ilə bağlı məsələlər diaspor təşkilatlarının vasitəsilə gündəmə gətirilir. Vətən müharibəsində Diaspor Komitəsi aktiv fəallığı ilə seçildi. İşin təkmilləşməsində gənc kadr Fuad Muradovun şəxsi qabiliyyətinə diqqət etməliyik. Fuad Muradov bacarıqlı kadr kimi özünü yüksək səviyyədə göstərdi. Biz bu gün bununla kifayətlənməməliyik. Bu gün torpaqlarımız azad etmişik. Hesab edirəm ki, tarixi Zəfərimiz diaspor təşkilatlarının fəaliyyətinə böyük stimul olacaq”.
Millət vəkili soydaşlarımıza bağlı arzularını çatdırdı.
“Xaricdə yaşayan soydaşlarımız da sıxıntı ilə yaşayırdılar. Bir dəfə görüşdə Qarabağdan söhbət düşəndə mənə bir nəfər dedi ki, musiqi bəstələməklə torpaqları geri almaq olmaz. Bu mənə çox pis təsir etdi. Bu gün vəziyyət dəyişib. İşğalda olan torpaqlarımız azad olunub. Yerdə qalan torpaqlarımız diplomatik yolla öz həllini tapacaq. Əsas odur ki, qələbə soydaşlarımıza müsbət çox təsir göstərib. Soydaşlarımızın üzü gülür, ruhu yüksəkdir, qəlbləri sevinir. Artıq onlar qalib dövlətin nümayəndəsi kimi başı uca, alnı açıq yaşayırlar. Mən onları da təbrik edirəm”.