Dekabırın 4-də “Günəşli” neft yatağında baş verən faciə mətbuatın gündəmindədir. 63 nəfər işçinin yaxınları onların taleyindən xəbər gözlədiyi halda hərə bir versiya irəli sürürdü. Hadisədən sonar ölkədə matəm elan olundu. Faciədə insan tələfatının olması bu hadisənin baş vermə səbələrinin ciddi araşdırılmasını zəruri edir. Elə bu səbəbdən də,faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisədən sonra ARDNŞ rəsmiləri saytları tələsik və yalan informasiya yaymaqla suçladılar, amma tənqid etdikləri hərəkəti özləri təkrar etdilər.
Dünən Xoşbəxt Yusifzadə ANS telekanalında Mirşahin Ağayevin təqdimatı ilə yayımlanan HESABAT verlişinə müsahibə verən Xoşbəxt Yusifzadə faciənin səbəbini qaz borusunun küləyin və dalğanın təzyiqinə tab gətirməyib qırıldığını və partlayışa səbəb olduğu ilə izah etdi.
Maraqlıdır, niyə dənizdə qaz borusunun çəkilişi zamanı güclü külək və dalğanın olması nəzərə alınmayıb? Niyə qaz borusu ilə svay arasında məsafə nəzərdə tutulmayıb? İnterpress.az ARDNŞ rəsmisinin platformada baş vermiş yanğının səbəbini açıqlamasından sonra bu suallarla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya müraciət etdi:
“Xoşbəxt müəllim hadisə baş verən zaman platformada idi?”
“Xoşbəxt Yusifzadə tələsik açıqlama verdi. Onun bu açıqlaması ilə qəti razılşamıram. Bunun üçün xüsusi komissiya və ekspert qrupları yaradılıb. Bu qruplar hadisəni tam araşdırıb, yerinə çatdıqdan sonra faciənin başvermə səbəbləri ictimaiyyətə açıqlamalıydı.
X.Yusifzadənin verdiyi bu açıqlama onun nə bu sahədə olan təcrübəsi ilə uyğun gəlmir, nə bir alimə, nə də tutduğu o posta yaraşmır. Bu platforma 1984-cü ildə bütün standartlara uyğun və davamlı tikilib. Əgər hadisə Xoşbəxt müəllimin dediyi kimi olubsa o zaman başqa bir sual yaranır, qaz borusu 1984-cü ildən bu günə qədər küləyə, dalğaya tab gətirdi, qırılmadı, amma indi qırıldı? Burdan da bu fikir yaranır ki, o boru çəkilərkən təhlükəsizlik qaydalarına əməl edilməyib ya da borunun istismar müddəti başa çatsa da yenilənməyib. Buna görə də X.Yusifzadə açıqlama verməzdən öncə tələsməməliydi, komsiyya və ekspertlər tərəfindən tam araşdırıldıqdan sonra ətraflı məlumat verilməliydi.
ARDNŞ-in vitse prezidentinin belə tələsik açıqlama verməsinin səbəbini hüquq müdafiəçisi belə izah etdi: “İndiki mərhələdə hamı çalışacaq ki, məsuliyyəti başqasının üzərinə atsın. Heç bir rəsmi qrum tələsik açıqlama verməsin. Bu strateji yerdir. Ayrılmış xüsusi komsiyya var. O komsiyyanın araşdırmanın nəticəsi olmadan açıqlama vermək olmaz. Bizə də müxtəlif versiyalar deyilir. Misal üçün deyirlər ki, platformada işçilər təhülkəszilik qaydalara əməl edilməyib və.s. Və mən cəmiyyətə və mətbuata məlumat verəndə bu versiyanın ola biləcəyini açıqlayıram .Amma sonda yenə də komissiyanın rəyi əsas götürülməlidir. biz araşdırmadan söyləyə bilmərik. Çünki bu çaşdırıcı mövqe olar”.
SOCAR niyə BP-dən kömək istəməli idi?
Hadisə baş verən zaman neftçilərin təxliyyə olunmasında niyə problem yaşandı sualımızı isə M.Qəhrəmanlı belə cavablandırdı: “Sovet dönəmində Neft Şirkətinin özünün iri gəmiləri var idi. Məsələn “Neftqaz62”, başqa iri gəmi, içində labarotoriyaları olan və ekoloji vəziyyətə nəzarət edən gəmilər var idi. Bu cür gəmilər platformalara yaxın ərazidə olurdu və hər hansı fəlakət baş verdiyi zaman bu gəmilər xilasetmə və hadisəyə müdaxilə etmə imkanları olurdu. Təəssüflər olsun ki, “Neftqaz 62” 90-incı ilin əvvəllərində satılıb. Bu gəmilər Xəzər Dəniz Neft Donanmasına aid idi. İndi belə gəmilər yoxdur və Xəzər Dəniz Neft Donanması da Neft Şirkətinin tərkibində deyil. Belə gəmilərimiz olsaydı Neft Şirkəti BP-dən kömək istəməzdi. Axı niyə ölkəmizin ən böyük şirkəti BP-dən yardım istəməli idi?
Köhnə yataqlara sərmayə qoyulmur
Sovet dövründən tikilən yataqlar olduğu kimi qalır. Heç bir sərmayə qoyulmur. Sovet dövründə tikilən bu platformalar bütün təbii fəlakətlərə davamlı tikilsə də, bütün standartlara əməl edilsə də zaman-zaman yenilənməyə və təmirə ehtiyac duyulur. SOCAR isə köhnə yataqlara kifayət qədər vəsait ayıra bilmir . Bunun səbəbi isə Neft Şirkətinin ikinci dövlət büdcəsinə çevrilməsidir. Ölkədə digər nazirliklərin edəcəyi işlərin xərci də Neft Şirkəti üzərinə düşür. Bu da gətirib Köhnə yataqların əməliyyat şirkətlərinə verilirməsinə çıxarır. O zaman da biz uduzuruq və işçilər də ixtisara düşür, işsizlik də artır.
İnterpress.az