Interpress xəbər verir ki Bu gün səhiyyə naziri Oqtay Şirəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
S. Müslümov hadisədə zərrə çəkənlərin hamısının sığorta şirkətində sığortalandığını deyib: “Onların əmək müqavilələri var. Bu o deməkdir ki, əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək. Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək”.
Səttar Mehbalıyev xəstələrə AHİK tərəfindən yardım göstəriləcəyini söyləyib: \”Xəstələr əgər sanatoriyalarda dincəlmək istəsələr, biz onlara şərait yaradacağıq. Zərərçəkənlərə və itkin düşənlərin ailələrinə maddi yardım da göstərəcəyik. Yəni, bütün imkanlarımızı səfərbər edib bu insanlara köməklik göstərəcəyik\”.
Bu barədə xəstəxanada olan Meydan TV-nin əməkdaşı bildirib ki, həkimlərdən biri SOCAR prezidenti Rövnəq Abdullayevin qəzada xəsarət alanlara baş çəkməyəcəyini deyib. Ancaq bunun səbəbini izah etməyib.
Bildirilir ki, qəzada xəsarət alanların 8 nəfəri Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onlar 20 saat soyuqda qaldıqlarından bədənləri şişib.