İnstititutun şöbə müdiri, fəlsəfə doktoru İdris Abbasov elmi müəssisədəki vəziyyət barəsində modern.az-a danışıb. Onun sözlərinə Tofiq Hacıyevdən sonra xaos yaranıb və iş rejimi pozulub, ciddi qayda pozuntuları yaranıb:
\”Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Tofiq müəllimin vəfatından sonra institutda iş ahəngi pozulub.
Akademikin vəfatından 10 günə yaxın bir müddət keçməsinə baxmayaraq, boş qalan direktor postuna rəhbər təyin olunmaması direktorsuz bir gün belə, ötüşə bilməyən institutda vəziyyəti xeyli gərginləşdirib. Qeyd etmək istəyirəm ki, artıq institutda gedən proseslər mənfi məcraya doğru inkişaf edir. Direktorsuzluq mühitindən doğan özbaşınalıq o həddə çatıb ki, rəsmi sənəd saxtalaşdırılması prosesinə start verilib. Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Bir sözlə, institutda xoşagəlməz proseslər gedir.
Xatirinizdədirsə, bu ilin iyul ayında akademik Tofiq Hacıyev əmək məzuniyyətinə çıxdığı vaxt instituta AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu direktor vəzifəsini icra edən təyin edildi və iki ay ərzində direktorluq vəzifəsini icra etdi. Tofiq müəllim həmişə Möhsün Nağısoylunu ədəb-ərkanlı, savadlı bir alim, nəzakətli və ləyaqətli ziyalı kimi xarakterizə edirdi. Həqiqətən də, əvəz etdiyi qısa müddətdə Nağısoylu kollektivin rəğbətini qazandı. Amma buna baxmayaraq, o zaman müəyyən söz-söhbətlər də yaranmışdı, yəni \”nə tələsik iş var idi ki, Tofiq müəllim məzuniyyətə çıxan kimi, instituta əvəzedici direktor təyin etdilər?\” Bəli, indi bir daha aydın olur ki, nəyə görə o zaman Dilçilik İnstitutu bir gün belə, direktorsuz buraxılmayıb. Görünür, AMEA rəhbərliyi institut haqqında kifayət qədər məlumatlı olub. Ona görə də instituda baş verə biləcək qanunsuz əməllərin qarşısını almaq məqsədilə vaxtında düşünülmüş qərar qəbul edib.
Nəzərə alsaq ki, Dilçilik İnstitutu hər ay, hər həftə elmi müzakirələrin, seminarların, müdafiələrin keçirildiyi bir müəssisədir və burada dövlətin maraqları prioritet təşkil edir, onda məsələnin nə qədər ciddi olduğu bir daha aydınlaşar.
İnstituta operativ müdaxilə olunması, heç olmasa, növbəti sənəd saxtalaşdırmalarının qarşısını ala bilər və nəhayət, mövcud qanunvericiliyin Dilçilik İnstitutuna da aid olduğu izah edilib başa salınar\”.
Alim təcili surətdə sənəd saxtalaşdırılmasının qarşısının alınmasını, quruma direktor gətirilməsinin vacibliyini bu cür əsaslandırır:
\”Mahiyyət etibarilə sənəd saxtalaşdırılmasının və digər xoşagəlməz halların qarşısı təcili surətdə alınmalı, ən azından bu istiqamətdə profilaktik tədbirlər görülməlidir. Bu işdə Azərbaycan dövlətinə və qanunlarına həqiqi sədaqət nümayiş etdirilməlidir.
Hesab edirik ki, bu gün instituta təxirə salınmadan rəhbər təyin olunması mərhum akademikin ruhuna ehtiram əlaməti olardı. Çünki Tofiq Hacıyev heç vaxt institutun başsız qalmasını, özbaşınalıqların baş alıb getməsini istəməzdi.
Bütün bunları nəzərə alaraq, ümid edirik ki, AMEA rəhbərliyinin baş verənlərə qanuni müdaxiləsi Nəsimi adına Dilçilik İnstitutunda işlərin normal məcraya düşməsinə və istənilən qanunsuzluğun qarşısının alınmasına səbəb olacaq\”.(milli.az)
İnterpress.az