Bakının xəbərsiz olduğu Laçın obalarıbackend

Bakının xəbərsiz olduğu Laçın obaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtdan 350 kilometr uzaqlıqda yerləşən, laçınlıların müharibədən əvvəlki xoş günlərində qış yataqları kimi istifadə etdikləri ərazidə, indi minimum yaşayış şərtləri altında yaşamağa məcbur olan minlərlə insanın varlığından da bəlkə özlərindən başqa heç kəsin xəbəri yoxdur. Bilənlər isə ora getmək istədiyimi eşidəndə məsləhətlərini əsirgəmədilər – “Mütləq o yerləri tanıyan adamla məsləhətləş”, “mütləq gündüz vaxtı get, yoxsa azarsan”. Getdiyim yerdə gördüklərimdən sonra bu məsləhətləri qulaqardına vurmadığıma sevindim. Doğrudur, Ağcabədidən Laçın obalarına çatmaq üçün yolun bir neçə kilometrindəki asfalt, işıqlandırma dirəkləri və bu dirəklərdən asılan dibçək gülləri, yolun kənarında məcburi köçkünlər üçün tikilən eyni rəngli, səliqəli evlər zənnimi bir az aldatdı, ancaq sürücü “bir az sonra bunlardan əsər-əlamət görməyəcəksiz” deməklə bütün ümidlərimi alt-üst etdi. Sürücü ilə əvvəlcədən anlaşmışdıq, yolun üstündəki ilk obaya gedəcəkdik. Şərti mən yox, o qoymuşdu. Yolların bərbad olması səbəbindən daha uzaqda yerləşən obalara getməyəcəyini bildirmişdi. Razılaşmaqdan başqa əlacım qalmadı, nə də olsa məsləhət edilmişdi- gündüz vaxtı və bilən adamla getmək.

Bakının xəbərsiz olduğu Laçın obaları

Haşıyə: 1992-ci ilin mayında Laçının işğalından sonra rayondan olan məcburi köçkünlərin 13 min nəfərdən çoxu Ağcabədi rayonunun Taxta-körpü ərazisində 84 obada məskunlaşıb. Hazırda rayonun bütün icra strukturları öz fəaliyyətini Taxta-körpü ərazisində davam etdirir. Burda Dövlət Proqramına uyğun olaraq 610 ailəlik bütün infrastruktura malik 3 qəsəb inşa olunub. Taxta-körpü ərazisində 26 ümumtəhsil, 23 səhiyyə, 51 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Qəsəbənin girəcəyindəki yaşıl təpəciyin üstünə qırmızı hərflərlə “Laçın obaları” yazılıb. Burda yay çox isti, qışı sərt keçir. Quraqlıq olanda cəhənnəm, yağışlar başlayanda palçıqdan keçilməz olur.

Bakının xəbərsiz olduğu Laçın obaları

Beləliklə yolun üstündəki ilk Laçın obasındayıq- Vağazində. Torpaq yol uzanır, nə vaxtlarsa obanın girəcəyindəki yol yəqin ki asfalt olub, indi o asfaltdan ancaq bir neçə əlamət qalıb. Ətrafda ancaq bir neçə ağac, bolluca kol-kos, bir-birindən aralıda yerləşən, Bakıda öyrəşdiyimiz hündür divarlardan əsar-əlamət olmayan, əsasən çiy kərpicdən tikilən yastı evlər, pəyələr, damların üstündə quraşdırlan peyk antenaları, son yağışın palçığının tam qurumamış kələ-kötür yolları, uzaqdan görünən yeganə bərbərxana, köhnə tikilidə həkim məntəqəsi, hər addımda gölməçələr, ətrafında hindquşları, onların arxasınca qaçan uşaqlar və itlər.
Demək olar ki, hər addımda itlərlə qarşılaşıram. Onlar obaya yad adamın gəldiyini bilən ilk canlılardır. Üstümə hücum edirlər, ətrafda daldalanacaq heç nə yoxdur. Qışqırığıma uşaqlar yetişir. “Qorxmayn” desələr də bəlli olur ki, yad adamın obanın itlərindən asanlıqla can qurtarması mümkün deyil. Niyə bu qədər çox itin olmasının səbəbi ilə maraqlanıram. Balaca həmsöhbətim Dilruba deyir: “Burda hamının heyvanı, toyuq-cücəsi var. Qışda tülkü, canavar, çaqqal çox gəlir, heyvanları parçalayır. Bir dəfə eşşəyi də parçalamışdı. Buna görə də hamı it saxlayır”.

Bakının xəbərsiz olduğu Laçın obaları

Uşaqlarla söhbətləşməyə cəhd edirəm. Amma danışmaq istəmirlər. Görünür, yad adama cavab verməmək barədə yaxşı ailə tərbiyəsi alıblar. Amma bununla belə maraqlarını da saxlaya bilmirlər.
-Siz kimsiz?
-Qonaq.
-Niyə gəlmisiz?
– Sizinlə tanış olmağa. Baxım görüm necə yaşayırsız.
-Məktəbə də gedəcəksiz? Amma bu gün bazardır.
– Nə var ki, məktəbdə?
– Heç nə. Soyuqdur.
-İstilik yoxdu?
– O biri məktəbdə var, təzə pilot məktəbdə. Biz odunla qızdırırıq. 3-cü dərsdən sonra soyuq olur, evdən odun aparırıq.

Bakının xəbərsiz olduğu Laçın obaları

Bu yerdə susurlar. Deyəsən, deməməli olduqları sözü deyiblər. Sürətlə uzaqlaşırlar. Foto çəkmək istədiyimi görüb üzlərini çevirirlər. Sonra bunu başqaları təkrarlayır, başqa uşaqlar, biri hətta şəklini çəkmək istədiyimi görəndə əlindəki vannanı başına tutur və sürətlə qaçır.
Söhbətləşmək üçün adam axtarıram, hər yerdə qadınlardır, hətta eşşəyin üstündə su daşıyanlar da. Danışmağa meylli deyillər, jurnalist olduğumu bilmələri isə susqunluqlarını əsas səbəbidir. Hər kəs evə qonaq dəvət edir, amma bir şərtlə şəkli çəkilməyəcək, dedikləri ümumi yazılacaq. Əslində “Görünən dağa bələdçi yoxdur” məsəli burda tam yerinə düşür. İnsanların 20 ildən artıqdır hansı şəraitdə yaşadıqlarını görmək üçün mütləq kiminsə danışmasına ehtiyac da yoxdur.

Bakının xəbərsiz olduğu Laçın obaları

“1992-ci ildə Laçın alınandan əhali əsasən burda məskunlaşıb. Vağazin kəndində 5 oba var- Taxta-körpü, Orta yataq, Qarağac, Canavarlı, Malyatağı. Biz indi Orta yataqdayıq. Burda 80 ailə yaşayır. Laçınlılar gələndə cəmi 3 fin evi vardı. Laçını ermənilər tutmamışdan çobanlar bura qışlağa mal-heyvan gətirirdilər. Yəqin onlar o zaman bu 3 evdə qalıblar. Camaat özünə burda çiy kərpicdən ev tikdi. Hamı elə düşünürdü ki, yaxın zamanda qayıdacaq. Amma illər keçdi, biz hələ də burdayıq. Bəziləri gördülər ki, qayıtmırıq. Özünə daşdan ev tikməyə başladı. Deyirdilər ki, bizi köçürəcəklər, amma araya Avropa oyunları düşdü. İndi də deyirlər ki, evlər 2018-ci ildə tikiləcək”- bunu cəsarətli həmsöhbətim İpək xanım deyir. Sözlərinə görə, 7 ildir obaya su çəkilib, amma 1 kilometrdən də uzaqda olduğuna görə bu məsafəni hər gün su daşımaq məcburiyyətindədirlər. Bulaqlar uzaqda olduğuna görə bəziləri suyu almağı çıxış yolu hesab edir. İçməli suyun bir maşını (3 ton) 10, texniki su isə 6 manatadır. Məsafə uzun olduğuna görə su daşımaq üçün mis səhənglərdən istifadə edilir. Suyu çiyində daşımaq daha asandır. Yay aylarında burda yaşamaq çox çətin olur. Yaşıllıq, ağaclar olmadığından isti daha çox hiss edilir. Ya qızmar gündə yanmamaq üçün kondisioneri yandıırb bütün günü evdə oturmalı, ya da İsmayıllı, Goranboy kimi rayonlarda yaşayan qohumların yanında çadır qurub yaşamalısan. Bu arada İpək xanım şəhərdən gəlmiş jurnalist qızın da çiyininə bir səhəng qoyur. Əlbəttə ki, boş səhəng. Özümü xalq mahnılarındakı sudan gələn sürməli qız kimi hiss edirəm.

Bakının xəbərsiz olduğu Laçın obaları

Obada qaz yoxdur, payız-qış aylarında istilik problemini elektrik enerjisi hesabına həll edirlər. Enerji limitsiz və pulsuzdur. Noyabrdan başlayaraq 4 ay müddətində isə 40 litr neft verilir. İnsanlar əsasən adambaşına aldıqları 17 manat çörək pulu və yaşlıların olduğu ailələrdə təqaüd hesabına dolanırlar. Ailələr əsasən heyvan, toyuq və hindquşu saxlayır. Torpaq duzlu olduğundna əkin üçün yararsızdır. Məhsul əldə edə bilmək üçün topraq yuyulmalıdır ki, buna görə də ağacın, yaxid kənd yerləri üçün xas olan dirriklərə burda rastlamaq mümkün deyil.

Bakının xəbərsiz olduğu Laçın obaları

Obada gənclərə demək olar ki, rast gəlmədim. Səbəbini İpək xanım belə izah edir: “İki oğlum var. Biri Bakıda işləyir, 27 yaşı var. O biri də əsgərlikdədir. Universiteti bitirib əsgər gedib. 5 ildir nişanlıdır. Amma evlənə bilmir. Əsgərlikdən qayıdandan sonra evləndirmək istəyirik, amma şərait yoxdur. Evin tavanı uçmuşdu, bankdan kredit götürüb təmir etdirdik, amma yenə bura gəlin gətirmək mümkün deyil. İş yoxdur, kişilər Ağcabədinin yaxınlığında böyük tikinti başlayıb, hələlik orda fəhləlik edir. Cavanlar iş üçün Bakıya gedirlər. Mənim ikinci oğlum da yəqin ki, əsgərdən qayıdandan sonra Bakıya gedəcək. Neçə ildi köçürülməyi gözləyirik, deyəsən 2018-ci ilə qədər də olmayacaq. Bəziləri çalışır ki, kredit götürüb heç olmasa evləri təmir etdirsinlər, gözləməkdən yorulmuşuq, heç olmasa bir az normal şəraitdə yaşayaq. Bəziləri də deyir ki, 20 il gözləmişik, bir-iki il də gözləyək, bəlkə ev tikib bizi də köçürdülər. Mənim evimin yanında uşaq bağçası vardı. Uçub tökülürdü. Məsələ qaldırdıq ki, təzə bağça tikilsin. Onu da yeni qəsəbədə tikdilər, bu otağı da boşaldıb mənə verdilər. Kim inanar ki, burda bağça olub? İndi bəzi ailələr hər gün 3-4 kilometrdəki o bağçaca uşaq aparır. Amma bağçaya gedənlər azdır”.

Bakının xəbərsiz olduğu Laçın obaları

Söhbətindən anlayıram, Laçına bu yaxınlarda qayıdacağına ümidli deyil. Əslində tək o yox, bir çoxları belə düşünür. Hətta dillərinə də gətirirlər: “Zəngəzur getdi, Tiflis, Borçalı getdi, Təbriz getdi, gedən torplaqların hansı qayıdıb ki?” Cavabı bəlli sualdır, əslində sual deyil. İndi bu obaların əhalisi onlar üçün tikiləcək yeni evlərə, ən azı normal yaşayış üçün şəraiti olan mənzillərə köçəcəkləri günü gözləyirlər. Amma bu qədər problemin içində şikayətlənmirlər. “Buna da şükür” deyirlər. Ötən il Ramiz Musayev adına Vağazin kənd orta məktəbinin 11-ci sinifi başa vuran 7 məzundan 4-nün ali məktəbə qəbul olması ilə fəxr edirlər. Bu ilə 11-ci sinifdə oxuyan 5 şagirddən 3-dən yaxşı nəticə gözləyirlər. “Qışda külək əsəndə Laçını xatırlayıram. Dirimizə qismət olmadı, heç olmasa ölümüz orda dəfn olunsun”,-deyir İpək xanım. Amma tez də “qonağın yanında ağlamazlar” deyib gözünün yaşını silir:
-Dovğa gətirimmi? Sonra gedib Bakıda demə ki, laçınlılar qonaqpərvər deyil.

P.S. Bu məqalə \”Beynəlxalq Həyəcan\” təşkilatının \”Eşidilməyən səslər\” layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi redaksiyanın, \”Beynəlxalq həyəcan\” və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

Elnarə Kərimova
İnterpress.az