AMEA: Masazırda evlərin zirzəmilərində və bağ sahələrində radon aşkar olunmayıbbackend

AMEA: Masazırda evlərin zirzəmilərində və bağ sahələrində radon aşkar olunmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RSMX-nin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən bu tədqiqatların nəticəsində torpaq qatında radonun, qeyri-üzvi mənşəli qazların və doymuş karbohidrogenlərin konsentrasiyası ölçülüb.

Bu ərazidə güclü külək səbəbindən radonun havadakı konsentrasiyasını ölçmək mümkün olmayıb. Bütövlükdə bu ərazidə evlərin zirzəmilərində və bağ sahələrində radioaktiv element olan radonun olmadığı müəyyən olunub. Səkkiz torpaq nümunəsindən yalnız ikisində radon qazı aşkar edilib. Radon qazı aprelin 9-da partlayış baş verən evin zirzəmisindən və bu evin yaxınlığından, evdən 50 m cənubdan götürülmüş torpaq nümunəsində aşkarlanıb. Həmin evdən 50 m cənub-qərbdən götürülən torpaq nümunəsində isə radon aşkar olunmayıb. Partlayışdan 10 gün sonrakı analizlərin nəticələri isə partlayan evin zirzəmisində radonun kiçik konsentrasiyasının, evdən 50 m cənubdan götürülmüş torpaq nümunəsində bundan 1,5-2 dəfə çox radon qazı olduğunu göstərib. Bir ay sonra təkrar aparılmış analizlər hər iki nümunədə tamam əks nəticələr gostərib. Patlayış baş verən evin zirzəmisindən götürülən torpaq nümunəsində radonun konsentrasiyası əvvəlkinə nisbətən 3-5 dəfə çox (Rn=11÷15 Bk/m3), evdən 50 m cənubdan götürülmüş torpaq nümunəsində isə əksinə, radon qazın olmadığı (Rn=0 Bk/m3) aşkar olunub. Müxtəlif vaxtlarda aparılmış analizlərin nəticələrinin müqayisəsinə əsasən müəyyən edilib ki, partlayışdan bir ay sonra evin zirzəmisində və onun 700 m-lik radiusunda radonun emanasiyası bir neçə dəfə artıb və cənub və cənub-şərq istiqamətində maksimum qiymətinə çatıb.

Masazır yaşayış ərazisində aparılmış geodinamik tədqiqatların nəticələri də açıqlanıb. Ölçmə işlərinin nəticələri göstərir ki, RSXM-nin üç stansiyasında şimal-şərq istiqamətli çox cüzi hərəkətlər müşahidə olunur. Birinci stansiyada ilk 8 gün (01.05-08.05.2015-ci il) ərzində 3 mm şimal-şərq istiqamətli hərəkətlər qeyd olunub. Sonradan may ayının 17-ə qədər stabil şərait müşahidə edilib, lakin mayın 18-dən 21-ə qədərki dövrdə yenidən 2 mm-ə qədər şimal-şərq istiqamətli hərəkətlər qeyd olunub. Oxşar mənzərə ikinci stansiyada da müşahidə edilir. Burada may ayının 7-ə qədər şimal-şərq istiqamətli horizontal yerdəyişmələrin 2 mm-ə qədər artımı qeyd olunur. Sonradan (08.05-14.05.2015-ci il müddətində) yerdəyişmənin tədricən cənub-qərb istiqamət aldığı müşahidə olunur. Mayın 15-dən horizontal yerdəyişmələrin istiqaməti yenidən şimal-şərqə dəyişib. Üçüncü stansiyada ilk 6 gündə çox kiçik (1 mm-ə qədər) cənub-qərb istqamətli horizontal yerdəyişmələr qeydə alınsa da, sonradan mayın 12-ə qədər eyni ölçülü (1 mm-ə qədər) yerdəyişmələr əks – şimal-şərq istiqamətdə müşahidə olunub. 12.05.-21.05.2015-ci il müddətində şimal-şərq istiqamətli horizontal hərəkətlərin kəmiyyəti 0,5 mm-ə qədər azalıb. Ümumilikdə ikinci və üçüncü stansiyalardakı cüzi (1 mm-ə qədər) cənub-qərb istiqamətli horizontal yerdəyişmələr istisna olmaqla, hər üç stansiyada əsasən orta hesabla 2 mm-ə qədər şimal-şərq istiqamətli hərəkətlər müşahidə olunduğunu söyləmək olar.

İnterpress.az