MM-in Səhiyyə komitəsinin iclasında məlumat verilib ki, layihə artıq növbəti sessiyanın gündəliyinə salınıb.
Bildirilib ki, qanun layihəsinin indiyədək qəbulunu ləngidən 3 səbəb olub. Bunlardan biri – sonsuzluğun aradan qaldırılması üçün nəzərdə tutulan donor mayalanmanın qanun layihəsində təsbiti Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin etiraz ilə qarşılanıb və MM-ə bununla bağlı etiraz məktubu ünvanlanıb.
İkinci məsələ layihədə reproduktiv proseslərin həyata keçirilməsinin özəl klinikalarda da mümkünlüyünün qeyd edilməsi olub. Səhiyyə Nazirliyi Nazirlər Kabineti ilə bərabər nazirliyin səlahiyyətində olduğu üçün bu məsələnin layihədə ayrıca qeyd olunmasına etiraz edib.
Üçüncü məsələ isə ildə bir dəfə sosial imkanları zəif ailələrin reproduktiv imkanlardan dövlət hesabına yararlanmasının qeyd edilməsi olub ki, bu məqama da Maliyyə Nazirliyi irad bildirib.
İşçi qrup layihəni yenidən işləyib və mübahisə doğuran ilk iki məsələnin layihədən çıxarılmasına qərar verib. Maliyyə Nazirliyinin etirazına səbəb olan müddəa isə artıq icbari sığorta ilə bağlı yeni layihə qəbul olunduğu üçün avtomatik bu qanun layihəsindən çıxıb.
Beləliklə, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin qəbul olunması üçün müzakirəyə çıxarılmasına maneə qalmayıb və məsələ gündəliyə salınıb.
Interpress.az