12 illik təhsil modeli Azərbaycan üçün uyğundurmu?
Azərbaycan əgər 12 illik təhsil sisteminə keçəcəksə, o zaman hansı ölkənin modelinə üstünlük veriləcək?
İnterpress.az-ın suallarına cavab verən təhsil ekspertləri Vurğun Əyyub və Nobatəli Qulamoğlu orta məktəblərimizin 12 illik təhsil sisteminə keçməsinin zəruriliyindən danışdı.
Vurğun Əyyub: “Orta məktəblərdə 12 illik təhsilə keçid zəruri və lazımdır. 12 illik təhsil şagirdlərin nəzəri materialı yaxşı və dərindən mənimsəməsindən əlavə həyata formalaşmış şəxsiyyət kimi qədəm qoymaları üçün imkanlar yaradır. Bu keçid üçün ciddi hazırlıq lazımdır. Amma bu hazırlığın yetərincə olmasına inamım azdır. Əvvəla, bu islahatı həyata keçirəcək kadr potensialına malik deyilik. İkincisi, bu keçid üçün sənədlər, təlimatlar, mexanizmlər hazırlayacaq şəxslərin özlərinin təhsilə, onun məqsəd və vəzifələrinə baxışlarının ciddi islahata ehtiyacı var. Köhnə, primitiv düşüncələrlə islahat aparmaq olmaz. Hansı ölkənin təcrübəsinin örnək olaraq götürələcəyi barədə suala isə ancaq əlaqədar qurumlar cavab verə bilər. Bu qurumlar özlərindən başqa kimsənin fikir və ideyalarına ehtiyac duymurlar”.
Nobatəli Qulamoğlu: “12 illik təhsilin fəlsəfəsi tamamilə fərqlidir. Dünyada gedən təhsilin qloballaşması ilə bağlıdır. Biz sovetlər dönəmində hamını oxutmaq istəmişik. İndi dünyada dəyərlər dəyişib. Hamıya minimal savad vermək lazımdır. Amma qabiliyyətli uşaqlar üçün təhsilin müddəti uzadılmalıdır. Təhsil həm fərdiləşir, həm də təmayülləşir. Ona görə standartlar da dəyişməlidir”. Qeyd edək ki, qonşu Türkiyədə və İranda da orta təhsil 12 illikdir.
Abuzər Azəroğlu
İnterpress.az