Uşaqpulu yenidən bərpa oluna bilər?backend

Uşaqpulu yenidən bərpa oluna bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın növbəti qonağı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyevdir.

-Azərbaycanda uşaqların sosial durumunu yaxşılaşdırmaq üçün hansı layihəri işləmək fikiriniz var? Uşaqların sosial durumunda ən çox boşluq hansı sahədə hiss olunur?

-Ölkəmizdə uşaqların və onların ailələrinin sosial problemlərinin həll edilməsi məqsədini daşıyan mütamadi sosial xidmətlərin göstərilməsi ilə bağlı proqramlar icra edirik. 2016-cı ildə də xüsusən baxımsız və sosial ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin göstərilməsi ilə bağlı proqramları icra etməyi nəzərdə tuturuq. Xüsusəndə hüquqi, psixoloji, pedoqoji dəstəyin göstərilməsi fəaliyyətimizin əsasını təşkil edir.

Hesab edirəm ki, uşaqların sosial ehtiyaclarını önləmək üçün ailələr və valideynlərin də müxtəlif sosial problemlərinin həllinə dəstək göstərilməlidir.
Eyni zamanda 2016-cı ildə orta məktəblərdə uşaqlar arasında davamlı maarifləndirmənin aparılmasını və bununlada sosial xidmətlərə ehtiyacı olan uşaqların müəyyən edilməsində məktəblərlə qurulan əməkdaşlığımızı daha da inkişaf etdirməyi nəzərdə tuturuq.

-Azərbaycanda sovet dönəmində hər uşağa görə uşaqpulu verilirdi. Bu müstəqillik dövründə yığışdırıldı. Amma bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlara 18 yaşına çatana qədər dövlət tərəfindən müəyyən məbləğdə pul yardımı edilir. Sizcə, Azərbaycanda nə zamansa uşaq pulunu verilişini bərpa etmək olar?

-Hazırki mərhələdə bu çox vacibdir. Hazırda icra olunan ünvanlı sosial yardım proqramının ləğv edilərək əvəzində uşaq müavinətlərinin verilməsi ilə bağlı proqramların icrası çox səmərəli olardı. Eyni zamanda paralel olaraq da uşaqlara göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılmalı, ehtiyaclı ailələr və uşaqlar meyarı dəqiqliklə müəyyən edilməlidir.

Hazırda dünyada bir çox ölkələrdə uşaqlar üçün ünvanlı yardım proqramları icra edilir. Məsələn, ərazi və əhali sayına görə Azərbaycanla yaxın olan Avstriyada ailələr üçün Maliyyə Yardımı Fondu yaradılıb. Bu Fondun vəsaiti hesabına Avstriyada ailənin maddi durumundan və uşaqların sayından asılı olmayaraq hər bir uşağa 18 yaşına kimi ayda 170 avro verilir. Uşaq ali məktəbə daxil olarsa bu 23 yaşa kimi davam edir. Əlilliyi olan uşaqlar üçün bu vəsaitin məbləği 300 avrodur.

-Bu gün ölkəmizdə azyaşlılar arasında intihar halları artmaqdadır. Sizcə həyacan təbili çalmağın vaxtı deyilmi?

-Təəsüf ki, ölkəmizdə də uşaqlar arasında intihar halları baş verir. Hesab edirəm ki, həyacan təbili çoxdan çalınmalıdır. Bu gün uşaqların internetdən, mobil telefondan və zərərli vərdişlərdən hədsiz istifadəsi sonra onların belə faciə ilə rastlaşmasına şərait yaradan amillərdən biridir. Eyni zamanda müasir uşaqlarla psixoloji iş aparmaq və onları şəxsiyyət kimi dəyərləndirmək də çox vacibdir. Ailə və məktəb arasında əlaqələr gücləndirilməlidir. Təcrübə göstərir ki, bir çox hallarda maddi təmin olunmuş ailənin və məktəbdə yaxşı təhsil alan uşaqlar da intihara əl atır. Deməli, burada əsas məsələ psixoloji amillərdir və bu gün cəmiyyət bunun həlli üçün vacib addımları atmalıdır. Psixoloji Yardım Haqqında Qanunun qəbuluna ehtiyac vardır.

-Ölkəmizdə 10 ayda 10 min ailə boşanıb. Bu qədər dağılmış ailələrdə böyüyən uşaqların gələcək taleyi də dağılır, bu uşaqlar ata-ananın iki doğma insanın artıq düşmənçilik həddinə çatmış münasibətlərinin qurbanı olmaqla yanaşı çox ağır mənəvi zədə alırlar. Sizcə, boşanmış ailələrin uşaqlarına hansı maddi -mənəvi yardımılar etmək zəruridir?

-Çox təəsüf ki, son zamanlar narahat edici məsələlərdən biridə boşanmalar və bu boşanmalar zamanı çoxsaylı hüquqları pozulan uşaqlardır. Düşünürəm ki, boşanma 2 yetkin şəxs arasında texniki bir məsələ olmalıdır və bunun zərərini uşaqlar ödəməməlidir. Bir çox ölkələrdə ailələr və valideynlər üçün Valideyn Bacarıqları Mərkəzi var. Bizim ölkəmizdə də belə mərkəzlərin olması çox yaxşı olardı. Bu mərkəzlər ailələr və valideynlər üçün hüquqi, psixoloji və digər dəstəkləri göstərməli, valideynlərin bacarıqlarını, xüsusilə uşaq hüquqları ilə bağlı məlumatlılığını artırmalı və məsuliyyətlərini davamlı xatırlatmalıdır. Boşanma zamanı əsas problemlərdən biridə alimentlə bağlıdır. Hazırda qanunvericilik alimentin ödənilməməsi ilə bağlı bir çox məsuliyyətlər nəzərdə tutsada təəsüf ki, ödənilməyən məbləğlərin miqdarı heçdə az deyil.

Bir çox ölkələrdə aliment ödənilməsi problemini həll etmək üçün müxtəlif fond təcrübəsindən istifadə edilir. Yenə Avstriya təcrübəsinə istinad edərək deyə bilərəm ki, 1960-cı ildə Avstriyada ailələr üçün Maliyyə Yardımı Fondu yaradıldı. Hər il bu fonda 6,5 milyard avro vəsait ayrılır. Bu yardımlar bütün işə götürənlərin ödədiyi 0,04 faiz məcburi vergi vəsaitdən formalaşır. Boşanma zamanı aliment ödənilmədikdə bu fond alimenti ödəyir və sonra alimenti ödəməyən valideyndən məhkəmə qaydasında alimenti alır.

Bizdə belə modellərdən istifadə etməliyik. Çünki, boşanmadan sonra tək qalan ana bilmir ki, yaşamaq, işləmək, uşağını böyütməklə məşğul olsun yoxsa öz məsuliyyətini dərk etməyən atanın axtarışı ilə.

Eyni zamanda tərəflərdə ailə münasibətlərinə ciddi yanaşmalı və hər bir xırda məsələdən ötrü boşanmaya gəlib çıxmamalıdırlar.

Abuzər Azəroğlu
İnterpress.az