Bank ölkədən valyutanın qaçırılmasına mane olmadıbackend

Bank ölkədən valyutanın qaçırılmasına mane olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat sahəsi üzrə tanınmış vəkil Əkrəm Həsənov ölkəmizdə yaşanan manat çöküşünün səbəbini savadsız kadrlarda görür. İnterpress.az-ın verdiyi xəbərə görə, o, facebook sosial şəbəkəsində bu barədə fikirlərini bölüşüb: “Hələ apreldə Elman Rüstəmov növbəti (5-ci!) dəfə Mərkəzi Bankın sədri təyin ediləndə demişdim: bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək. Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı. Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra da deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə Azərbaycandan asılı olmayan faktorların nəticəsidir.

Bu il ərizndə əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir. Demişəm və deyirəm: Elman Rüstəmov təsadüfi və savadsız kadrdır (bunu dəfələrlə əsaslandırmışam). Prezidentin gözündən pərdə asmaq üçün (guya manatımız sabitdir və s.) illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb. Ölkədə normal bank sistemi yoxdur. Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri deyil (onlar pullarını vaxtında götürüb qaçacaq), sıravi əmanətçilər olacaq. Buna görə də üzümü ilk növbədə əmanətçilərə tuturam: sonra deməyin ki, sizi xəbərdar etməmişdilər, ehtiyatlı olun, pulunuzu kimə etibar etməyinizin fərqində olun. Lakin ən ağır vəziyyətə təbii ki, kredit təşkilatlarına dollar borcu olanlardır. Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur! Banklar bundan sonra daha da azğınlaşacaq borclulara qarşı. Borclular nə etməlidir? Əvvəla, birləşməlidirlər! Haqlarını tələb etməlidirlər! Bunun yollarını dəfələrlə göstərmişəm. Bundan sonra bu sahədəki fəaliyyətimi daha da genişləndirəcəyəm. İrəli!”

Abuzər
Interpress.az