Bu gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində \”Azərbaycan Hava Yolları\” (AZAL) QSC-nin həyata keçirdiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.
AZAL-dan “Report”a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğundan, biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”.
Qeyd edək ki, 2006-ci ildən başlayaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası – avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri – Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir.
Xatırladaq ki, bü gün Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə bu gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.
İnterpress.az