Qafqaz Universitetindən İnterpress.az-a verilən məlumata görə, EQUE layihəsi Qafqaz Universitetinin maliyyə dəstəyi ilə, universitet müəllim və tələbələri tərəfindən icra olunan layihədir. Layihə çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komanda şəklində fəaliyyət göstərib.
Layihə əsasında elektrik və günəş enerjisi ilə işləyən və özünəməxsus şəkildə dizayn olunmuş 2 maşın hazırlanıb.
Layihənin adı EQUE- Electromobile of Qafqaz University Engineers ingiliscədən tərcümədə “Qafqaz Universiteti mühəndislərinin elektrik maşını” mənasını verir. İtalyancadan tərcümədə isə “eque” sözünün mənası “ədalət” deməkdir ki, bu da layihənin hədəfini simvolizə edir. Layihənin məqsədi müasir texnologiyanın üstünlüklərindən istifadə edərək təbiətdən daha az xammal almaq hesabına ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitələrini təqdim etməkdir. Bu təqdimatla insanların diqqətini daha az enerji istehlakına yönəldən gənc mühəndislər məhdud enerji resurslarının cəmiyyətdə ədalətli şəkildə bölünməsi prinsipi üzərində dayanmaqla, alternativ enerjinin tətbiqini də ön plana çəkiblər.
Qeyd edək ki, maşının hissələrinin hazırlanması üçün universitetin mexanika laboratoriyasındakı avadanlıqlardan istifadə edilib . Avtomobilin hissələrinin bir hissəsi alınsa da əksəriyyəti laboratoriyada tələbələr tərəfindən hazırlanıb.
Maşının maksimum sürətin 60 km/saatdır.
İnterpress.az