Məhkumun dəhşətli ölümündən 1 il ötdübackend

Məhkumun dəhşətli ölümündən 1 il ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 il əvvəl bu tarixdə – dekabrın 22-də Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayev dünyasını dəyişdi. Sonrakı günlərdə isə məlum oldu ki, 31 yaşlı Elşad Babayev dəhşətli işgəncələrin sonucu olaraq dünyasını dəyişib. Onu saxlanıldığı müəssisənin rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə döyüb işgəncəyə məruz qoyublar.

“Hamı bilir ki, Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşımı məhkumları döyməklə, işgəncə verməklə ad çıxaran nəzarətçilər Firdovsi, Faiq, Rahib vəhşicəsinə döyüb, işgəncə verib öldürüblər. Ölümündən 10 gün əvvəl ”do prixod\”a aparıb orada döyüb işgəncələrə məruz qoyublar. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək, su verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər. Demişəm, bir daha deyirəm, qardaşımı döyüb öldürən Firdovsi, Faiq, Rahib evlərində rahat yatmasınlar, eşitsinlər, bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm. Anamın göz yaşlarına görə də cavab verəcəklər.

Qanun qarşısında, Allah qarşısında etdiklərinin qarşılığı olacaq. Övladlarına desinlər ki, əlləri qana batıb, onlara apardıqları çörək döyülən, işgəncəyə məruz qalan məhkumların qanına bulaşıb. Öz uşaqlarından da bağışlanılmalarını istəsinlər. Mən onları bağışlamayacağam!\” – bu sözləri məhkumun bacısı Simuzər Babayeva “Yeni Müsavat”a qardaşının ölümündən az sonra bildirmişdi.

S.Babayeva demişdi ki, qardaşının ölümü ilə bağlı məhkəmə tibb ekspertinin rəyi saxtalaşdırılıb: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasından mənə verilən ölüm kağızında yazmışdılar ki, guya qardaşım ürək tutmasından – kardiomiopatiyadan ölüb. Amma türmədə hamı bilir ki, qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağrımayıb. Həmin rəyi verən məhkəmə tibb eksperti qardaşımı öldürənlərə şərik oldu. Onların cinayətinin öz saxta rəyi ilə gizlədilməsinə xidmət etdi. Həmin ekspertin də cəzalandırılması məsələsini prokurorluq həll etməlidir. Mən bir daha təkrar edirəm, qardaşımın qatilləri cəzalarını almayınca mübarizə aparacağam. İndiki rəydən məlumatsızıq, obyektiv olmayacaqsa qəbul etməyəcəyik”.

S.Babayeva demişdi ki, qardaşının döyülüb işgəncələrə məruz qalmasına şahidlik etmiş və bunu müstəntiqə deməkdən çəkinməyən məhkumlar da amansız rəftara məruz qalırlar: “Bu hadisədən 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər. Onlardan 11 nəfəri ”tubzon\”na köçürülərək orada çox ağır işgəncələrə məruz qalıblar. Bir çox məhkumlar isə olaydan sonra Məhkumların Müalicə Müəssisəsinə köçürülüblər. Onlardan biri də Elşad Babayevin işi üzrə əsas şahid olan Yadigar Nuriyev idi\”. Bu ilin avqustunda “Yeni Müsavat” redaksiyası ilə əlaqə saxlayan Yadigar Nuriyev Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini söyləmişdi. Fikirlərinin həyatına təhlükə yarada biləcəyini nəzərə alıb adı çəkilmədən çap edə biləcəyini söyləmişdik. Lakin məhkumun israrından sonra onun fikirlərini həqiqətin üzə çıxması ümidi ilə çap etmişdik. Bundan az sonra Y.Nuriyev saxlanıldığı Məhkumların Müalicə Müəssisəsində “həddindən artıq qəbul olunan dərman preparatlarından zəhərlənməməsi”ndən dünyasını dəyişdi.

Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat”ın 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlığı, “Məhkum Yadigar Nuriyev: ”Mən içəri girəndə təpik, dubinka… daha nə ilə vurmurdular onu\” yarımbaşlığı altında dərc olunmuşdu…

Məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci – vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər. Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna, oradan isə Baş Prokurorluğa verilib. Aylarla davam edən istintaqın sonucu isə cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilməsi oldu. Bu ilin oktyabrında isə 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimovun rütbəsi artırılıb. Ə.İbrahimova növbədənkənar polkovnik rütbəsi verilib. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində qalmaqallı ölüm olayları baş verib.

İnterpress.az