Azərbaycanın “Azeri Light” markalı nefti hazırda dünya bazarlarında hökm sürən mürəkkəb situasiyaya görə faktiki olaraq premiyasız, yəni daha ucuz neft markaları ilə eyni qiymətə satılır.
Bu barədə SOCAR-dakı mənbə “Fineko” agentliyinə bildirib.
Mənbənin bildirdiyinə görə, “Azeri Light” neftinin satışı FOB şərti əsasında hazırda əsasən sıfır premiya ilə satılır. Lakin bəzi partiyaları hər halda diskontla reallaşdırmaq mümkün olub.
FOB şərtinə əsasən satıcı malı limana çatdırmalı və alıcının tankerinə yükləməlidir. Bu zaman yükün limana çatdırılması və yüklənməsi xərci satıcının üzərinə düşür.
“Son iki ayda bizim premiya barrelə görə 3 dollardan sıfır dollara düşüb. Biz minusla işlməməməyə çalışırıq və təchizatı diversifikasiya edirik. Konkret olaraq Asiya bazarlarına daha çox neft satmağa başlamışıq”- mənbə deyib.
Situasiya həm də ona görə qəlizdir ki, dünya bazarlarında neftin ucuzlaşmasına görə Avropanın əksər neftayırma zavodları neft emalının maya dəyərini aşağı salır və bu səbəbdən daha ucuz, kükürdlü neft almağa üstünlük verir. “Azeri Light” kimi bahalı və “yüngül” neft növlərini almır.
“Bununla belə SOCAR-ın “Azeri Light” markalı nefti dünyanın bir sıra şirkətlərinə satmaqla bağlı uzunmüddətli, qarantiya altına alınmış müqavilələri var. Ona görə də indiki situasiya o qədər də narahatlıq doğurmur”- mənbə deyib.
Virtualaz.org saytı xatırladır ki, Avropa bazarlarında Azərbaycan neftinin alıcılarının azalması haqda bir neçə həftə əvvəl “Reuters” agentliyi də xəbər yaymışdı.
Xəbərdə deyilirdi ki, Səudiyyə Ərəbistanı Avropa bazarına ucuz neft çıxarmağa başlayıb. Nəticədə “Brent” və “Azeri Light” kimi nisbətən bahalı neft növlərinin satışı azalıb. (azadliq.info)
İnterpress.az