Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığı problemi və bu çeklərin nominal dəyərinin qanunla birbaşa müəyyən edilməsinin vacibliyi…
Giriş
Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək onun üzərinə yazılmamış olması praktikada bu çeklərin müxtəlif qiymətlər ilə özəlləşdirmə prosesinə buraxılmasına səbəb olub. Bu durum dövlət özəlləşdirmə çekləri ilə bağlı doktrina və praktikada ən çox müzakirə olunan mövzulardan biri olub. Əsas müzakirə olunan sual isə dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək, onun üzərinə yazılmamış olmasının, görəsən, çek sahiblərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tənzimlənən bərabərlik hüququnu və Konstitusiyasının 13-cü və 29-cu maddələrində tənzimlənən mülkiyyət hüququnu pozub-pozmadığı sualıdır. Məqalədə bu sual Azərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınaraq, hüquqi baxımdan təhlil edilib.
1. Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığının təhlili
Qiymətli kağız növü kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunla müəyyən edilməməsinin hüquqi nəticələri təhlil edilmədən əvvəl dövlət özəlləşdirmə çeklərinin qiymətli kağızı olub-olmadığının hüquqi əsasının təhlil edilməsi faydalıdır. Belə ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu birmənalı olaraq hamı tərəfindən qəbul olunur.
Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər. Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış, tərtib etmiş və ya vermiş şəxsdir (m.987.1.). Bu tənzimləmədən belə bir sual meydana gəlir ki, dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi ilə və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu? Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsinin və tədavülünün asanlaşdırılması məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir. Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar.
Qaldı ki, 15 may 2015-ci il tarixində dəyişdirilmiş Mülki Məcəllənin 987.1-ci maddəsində deyilirdi ki, “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”. Məhz bu anlayış müqavilə münasibətinin varlığını məcburi formada tələb etmir. Ümumiyyətlə, bütün qiymətli kağızların etibralı olması üçün emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibətinin qurulmasını tələb etmək də qanunvericiliyə ziddir. Mülki Məcəllənin 987.2-ci və 987.3-cü maddələrində deyilir ki, qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (987.3.).
Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (987.3.). Bu normaların təhlilindən məlum olur ki, bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün həmin sənəd Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətli kağızların növlərindən biri olmalı, bundan başqa həmin növ sənəd üçün nəzərdə tutulmuş məcburi rekvizitləri (şərtləri) daşımalıdır. Əks təqdirdə həmin sənəd qiymətli kağız deyildir.
Yəni qiymətli kağız növləri Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda məhdud formada sayılmış və bu sayılan növlərdən olmayan sənəd qiymətli kağız hesab olunmur. Məlum məsələdir ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda ifadə olunmur. Amma Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş “I Dövlət Proqramı”nın (bundan sonra “I Dövlət Proqramı” adlanacaq) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü abzasında deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas). Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunun ona verdiyi səlahiyyət əsasında “dövlət özəlləşdirmə payını” ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin oluna bilməsi üçün həmin çeklərin hamısının verildiyi an eyni (nominal) dəyərə malik olduğunu ifadə etdi. Təbii ki, Mülki Məcəllənin 01.09.2000-ci ildə, “Qiymətli kağızlar bazarı haqqında” Qanununda daha sonrakı tarixdə qüvvəyə mindiyini xatırlasaq, dövlət özəlləşdirmə çeklərinin 29 sentyabr 1995-cil tarixindən bəri qiymətli kağız olduğunu qəbul etməli oluruq. Bu səbəblə hesab edirik ki, Mülki Məcəllənin 987.2-ci maddəsindəki “qiymətli kağızların növləri… Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir” ifadəsi “qiymətli kağızların növləri…Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlar ilə müəyyən edilir” şəkilində qəbul edilməlidir.
Qeyd edilənlərdən məlum olduğu kimi dövlət özəlləşdirmə çekləri qiymətli kağızdır, onların çıxarılmasının hüquqi əsası da 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənmiş “dövlət özəlləşdirmə paydır”. Həmin Qanunun 18-cı maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “Özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”. Məhz Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair qəbul edilmiş ilk Dövlət Proqramı olan 29 sentyabr 1995-ci il tarixli I Dövlət Proqramı ilə Ulu Öndər Heydər Əliyev sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşına) əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərmişdir.
2.Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı qanunvericilikdə olan normaların təhlili
Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı normalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” (I Dövlət Proqramı) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində nəzərdə tutulur. Həmin 3-cü bölmədə deyilir ki, özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci abzas). Özəlləşdirmə payı – Respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü abzas). Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında, olan, 4 (dörd), çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas). Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır (5-ci abzas). Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri – inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir (6-cı abzas).
Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir (7-ci abzas). Bu proqramın xüsusilə 6-cı abzasına nəzər salsaq, görərik ki, bütün qiymətli kağızlar kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyiri birbaşa rəqəm ilə olmasa da, dolayı olaraq tənzimlənib. Həmin nomial dəyərin birbaşa tənzimlənməməsinin əsas səbəbinin çekləri inflyasiyanın təsirindən qorumaq olduğu qeyd edilir. Belə ki, Ulu Öndər Heydər Əliyevin təkidi ilə dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə yaşanmış hüquq pozuntular da nəzərə alınaraq, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyərinin inflyasiyanın təsirindən qorunan əmlak ekvivalenti olduğu qanunla tənzimləndi. Məhz həmin 6-cı abzasda deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir və çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”. Bundan başqa, həmin Proqramın 3-cü bölməsinin 7-ci abzasında deyilir ki, “Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir”. Yenə həmin Proqramın 3-cü bölməsinin 4-cü abzasında isə deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir”. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas). Buradan məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).
Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır. Yəni dövlət özəlləşdirmə çeklərinin hər birinin nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni olan maddi ekvivalent və özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş pay (mülkiyyət hüququ) olduğu məsələsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır. Lakin bütün bunlardan məlum olduğu kimi, inflyasiyadan qorunmaq məqsədi ilə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa qanunvericiliklə tənzimlənməyib, amma hesablana biləcək bir üsulla müəyyən edilməsinin mümkün olduğunu ifadə edib. Məhz Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir”.
Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Deməli, 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 Amerika Birləşmiş Ştatları dolları olduğu müəyyən edilir. Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentinin ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğunu deyə bilərik. Başqa bir ifadə ilə, 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) verilindən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən 1997-ci il tarixli DƏK-in əmrindən belə məlum oldu ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Məhz dahi Heydər Əliyev dövlət özəlləşdirmə payları (çekləri) hər bir Azərbaycan Respublikası vətəndaşına özəlləşdirilən dövlət əmlakından (mülkiyyətindən) əvəzsiz qaydada verilən hissə, əmlak payı olduğunu dəfələrlə ifadə etmiş və bu əmlak payının müəyyən bir müddət ilə məhdudlaşdırılmasının qəbuledilməz olduğunu bildirmişdir. Məhz bu hüquqi tənzimləmə öz əksini Ulu Öndərin imzasını daşıyan 29.09.1995-ci il tarixli 1120 saylı Qanunda, həmin qanun ilə təsdiq edilmiş I Dövlət Proqramında tapmışdır. Buna baxmayaraq dövlət özəlləşdirmə çeklərin həmin nominal dəyəri (qiyməti) qanunvericilikdə birbaşa tənzimləmədi. Lakin yuxarıda qeyd edildiyi kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu üçün hər il inflyasiya nəzərə alınaraq onun qiymətinin ictimaiyyətə açıqlanması həmin mülkiyyətdən vətəndaşların istifadəsini asanlaşdıracaq və onların banklarda girov qoyma hüququnu belə, təmin edəcəkdir.
3. Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyi
Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyini aşağıdakılar ilə əsaslandırmaq mümkündür:
1) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətini) qanunvericiliklə birbaşa tənzimlənməsi çek sahiblərinin mülkiyyət hüququnun və bərabərlik hüququnun qorunması, onların bu hüquqlarının müxtəlif manipulyasiya yolları ilə pozulmasının qarşısının alınması üçün vacibdir;
2) Dövlət özəlləşdirmə çeki dövlət qiymətli kağızı olmaqla, hər bir çek qanunla özəlləşdiriləcək bütün dövlət müəsisələrinin 65%-lik dövlət əmlakının 1/32 000 000 hissəsini təmsil edən və inflyasiyadan qorunan əmlak ekvivalentidir. Bu durum hər bir çekin sahibinə dövlət əmlakından (mülkiyyətindən) pay verdiyini təsdiq etdiyi kimi, həm də həmin mülkiyyətin banklarda girov kimi qoyulma imkanının varlığını təsdiq edir. Bunu təmin etmək öhdəliyi isə qanunla dövlətin pozitiv öhdəliklərindən biridir. Lakin dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri qanunvericilik ilə konkret müəyyən edilmədiyi ücün çek sahibləri bu hüquqlarından istifadə edə bilmirlər. Eyni zamanda bu durum müxtəlif şəxslər tərəfindən manipulyasiya edilərək vətəndaşların konstitusion hüquqlarının, xüsusi ilə mülkiyyət və bərabərlik hüquqlarının pozulmasına səbəb olub;
3) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çekin emitenti olaraq dövlətin öhdəliyinin də konkret olmasına imkan verəcəyi kimi, vətəndaşların bərabərlik hüququ da təmin ediləcəkdir. Məsələn, bazarda çeklərin real satış qiymətinin bu gün 100 ABŞ dollar olduğunu hesab edək. Bu, o demək deyildir ki, dövlət bu gün özəlləşdirdiyi (satdığı) müəssisədən çeki təqdim edən şəxsə 100 dollarlıq səhm verməlidir. Əgər bunu qəbul etsək, onda sabah çeklərin bazarda real satış qiyməti 100 000 ABŞ dolları olarsa, deməli alınan hər çekə (paya) görə dövlət 100 000 ABŞ dollarlıq səhm verməlidir. Bu problemin qarşısının alınması üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir;
4) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çek sahiblərinin bərabərlik hüququnun pozulmasının qarşısını alacaq. Məlum olduğu kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməmiş olmasından istifadə edən bəzi şəxslər çeklərin dəyərini manipulyasiya etmişdir. Qanun qarşısında hamı bərabər hüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə həyata keçirilmiş bir müəssisinin özəlləşdirilməsi zamanı bir dövlət özəlləşdirmə çeki (pay) 1400 manat olaraq hesablanmışdır. Belə ki 14 milyon 337 minlik dövlət əmlakı üçün tam 40.000 dövlət özəlləşdirmə çeki verilmişdir. Məhz bu durum Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənən “hamı qanun və məhkəmə qarşısında bərabərdir” qaydasının pozulması olduğu kimi, həm də çek sahiblərinin mülkiyyət hüququnun pozulmasıdır.
Məlum olduğu kimi, dövlət qanunla götürdüyü öhdəlik qədər hər vətəndaş qarşısında cavabdehdir. Bu da onu tələb edir ki, dövlətin vətəndaşlara verdiyi dövlət özəlləşdirmə çeklərinin hər birinin qiyməti (dəyəri) eyni olmalıdır. Həmin dəyərin fərqli formada bəzən 100 manat, bəzən 2000 manat, bəzən isə 1400 manat olaraq təyin edilməsi Konstitusiyanın 25-ci maddəsinin (bərbərlik hüququnun) və Konstitusiyanın 13-cü və 29-cu maddələrinin (mülkiyyət hüququnun) pozulmasıdır. Hesab edirik ki, Konstitusiya və qanunlar ilə tənzimlənən insan hüquqlarının bu formada pozulması həm ölkə vətəndaşlarının, həm də xarici inventarların ölkəmizdə investisiya qoymaq həvəsini öldürür. Məlum olduğu kimi, ölkə vətəndaşları və xarici şirkətlər dövlətin qanunla verdiyi vədə inanaraq dövlət özəlləşdirmə çekləri alıblar. 2011-ci ilin əvvəlində mətbuatda verilmiş məlumata görə, Milli Depozit Mərkəzində belə şəxslərə məxsus olan 600 000 çek istifadə edilmədən qalıb.
Maraqlı bir sual yaranır: hansı xarici və yerli investor dövlət təminatı olan bu çeklər ilə onlara qarşı olan belə ədalətsizlikdən sonra ölkəyə investisiya qoyar? Bütün bu neqativ halların qarşısını almaq üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir.
Nəticə
Məqalədə qoyulan sual ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik:
Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və qanunla dövriyyədən cıxarılmadığı birmənalı olaraq hamı tərəfindən qəbul olunur.
Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər. Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir.
Bu tənzimləmədən belə bir sual meydana gəlir: dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi ilə və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu?
Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır.
Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir.
Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar. I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü, 6-cı və 7-ci abzaslarını nəzərə alaraq deyə bilərik ki, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).
Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməməsinin mülkiyyət və bərbərlik hüquqlarının qorunması, manipulyasiyanın qarşısının alınması, dövlətin öhdəliyinin kokretləşdirilməsi və digərləri baxımından faydalıdır.
Bütün bunları nəzərə alaraq birmənalı olaraq əminliklə deyə bilərik ki, qanunla özəlləşdirmə çekləri bu gün ücün də dövlət qiymətli kağızıdır. İnfilyasiyadan qorunan əmlak ekvalenti kimi 1997-ci ildən bu günə qədər olan infilyasiyanı nəzərə alsaq, ən qiymətli dövlət qiyməti kağızıdır.
Mübariz Yolçiyev,
Bakı Dövlət Universiteti Hüquq fakültəsini dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas
Məlumat üçün:
Qeyd edək ki, özəlləşdirmə çekləri ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə çeklərlə əvəzlələcək 65% Dövlət əmlakının 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib və 1997-ci ildə ən azı 2000 dollar əmlak ekvivalentində olub. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Özəlləşdirmə çekləri ilə bağlı millət vəkillərinin mövqeyi və çağırışları:
Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizinin hələ də əllərdə olması fonunda vətəndaşlar özəlləşdirmə çeklərinin yenidən tədavülünü və hüquqlarının bərpa olunmasını gözləyirlər.
Yüzlərlə insanın hələ də özəlləşdirmə çeklərini saxladığını qeyd edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc vurğulayıb ki, özəlləşdirmə çekləri məsələsində kompensasiya forması deyil, əlində çeki qalmış insanların gələcəkdə özəlləşmə prosesində hansısa formada iştirakı üzərində düşünülə bilər:
“Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Bizə olunan müraciətlər fonunda İqtisadiyyat Komitəsinə məsələnin daha geniş çatdırılması və digər komitələr çərçivəsində müvafiq təkliflərin hazırlanması istəyini ifadə edəcəyik. Eyni zamanda, bu məsələni parlamentin iclaslarında müvafiq iqtisadi sektoru təmsil edən nazirliklərin iştirakı ilə təkrar dilə gətirməyə hazırıq.
Özəlləşdirmə çeklərinin yenidən tədavülü qiymətli kağızlar bazarı üçün də əhəmiyyətlidir. Hər bir qiymətli kağızın arxasında dayanan bir iqtisadi dəyər var. Dünya birjalarında çeklərdən səhmlərə doğru gedən bir proses var. Bu gün müxtəlif zavodlar, fabriklər və müəssisələr qoyulan çeklər qarşılığında dividentlər əldə ediblər. Qazanılan gəlirlər fonunda həmin şəxslər pay sahibi olurlar. Vətəndaşın bu və ya digər sahəyə yatırımlar etməsi iqtisadi cəhətdən müsbət haldır. Özəlləşdirmə çekləri ilə bağlı qərarın qəbulunda dövlətin və vətəndaşların maraqları nəzərə alınmalıdır ki, antimilli qüvvələr vəziyyətdən sui-istifadə edə bilməsinlər”.
Vətəndaşların özəlləşdirmə prosesindən narazı qaldıqlarını xatırladan sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, vəziyyətdən çıxış yolu özəlləşdirmə haqqında qanunun qəbul olunmasıdır. Milli Məclis belə bir təşəbbüslə çıxış etməlidir:
“1990-cı ilin əvvəlində Azərbaycanın özəlləşməyə açıq olan 32 milyard dollarlıq dövlət əmlakı var idi. Hər vətəndaşa da ortalama 4 min dollarlıq dövlət əmlakının düşəcəyi barədə fikirlər var idi. Buna görə də müxtəlif müəssisələr, fabrik və zavodlar özəlləşdirməyə açılmışdı və onlardan istifadə olundu. Amma onlar da daha çox müəyyən məmur və sahibkarlar üçün istifadə olundu. Yəni, daha çox onlar bu özəlləşmə proqramlarından faydalandılar. Təbii ki, bundan da vətəndaşlar narazı qaldılar. Son proses isə tamamilə məmur oliqarxiyasının xeyrinə baş verdi. İri və orta məmurlar vətəndaşların əlində olan özəlləşdirmə çeklərini su qiymətinə alaraq özəlləşdirilən obyektlərin sahiblərinə çevrildilər”.
Özəlləşdirmə çeklərinin yenidən tədavülünün zəruri olduğunu qeyd edən millət vəkili Azər Badamova görə, çeklərin yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına müsbət təsir göstərəcək:
“Əgər özəlləşdirmə çekləri yenidən tədavülə buraxılsa və vətəndaşlar öz çeklərindən istifadə edə bilərsə, bu hal sosial-iqtisadi vəziyyətə olduqca müsbət təsir edə bilər. Vətəndaşın dövlət əmlakından pay almaq imkanlarından istifadə edə bilməsi üçün dövlət tərəfindən qərarın qəbul olunması və çeklərin etibarlılıq müddətinin artırılması müsbət hal olacaq. Əgər dövlət başçısı sərəncam imzalayarsa, sözügedən çeklərdən yerli və xarici investorlar yenidən istifadə edə biləcəklər”.
Özündə də özəlləşdirmə çeklərinin olduğunu qeyd edən deputat Razi Nurullayev isə açıqlamasında bildirib ki, dövlət mütləq bu çekləri təkrar dövriyyəyə salmalıdır:
“Hazırda məndə də 10-17 ədəd özəlləşdirmə çekim var. İnsanların əllərində olan özəlləşdirmə çeklərindən istifadə edə bilməsi çox vacibdir. Dövlətin vəzifəsi vətəndaşları üçün şərait yaratmaqdır. Bizdə isə bir qrup insan üçün şərait yaradıldı, onlar kef içində yaşadılar, qohum-əqrəbalarına, dost-tanışlarına şərait yaratdılar. 10 faiz insan bundan istifadə edə bildi, qalan insanlar da onların əlinin altında qul kimi işlədi. Dövlət onun üçündür ki, vətəndaşlarını bu şəkildə qul olmaqdan qorusun. İndi də əllərdə olan özəlləşdirmə çeklərinin yenidən işləməsi üçün dövlət bir qərar qəbul edib, həmin insanlara şərait yaratmalıdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə öz növbəsində bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasına səbəb oldu. Bunun nəticəsi olaraq, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması ilə vətəndaşların sosial rifahının yüsəldilməsi nəzərdə tutuldu:
“Özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri kimi 25 mart 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi. Həmçinin, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” fərman imzalandı. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı. 1997-ci il yanvarın 1-də Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı aldı. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi. Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramın (I özəlləşdirmə proqramı) və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu. 2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın qüvvəyə minməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verildi. İkinci proqram çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapdı. Bununla bərabər, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olundu.
Hazırda Prezident İlham Əliyevin düşünülmüş və zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf erasının əsas istiqamətlərindən biri kimi yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi vacib tədbirlərdən sayılır. Özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Müəyyən qədər çek var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə və s. məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hesab edir ki, bu gün əllərində çeki olan insanların hüquqlarının bərpa olunması vacibdir:
“Özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri də haqlıdır. Çünki cənab prezident də hər zaman öz çıxışlarında bildirib ki, insanların haqqları və tələbləri təmin olunmalıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Hazırda məndə də özəlləşdirmə çekləri var. Bir millət vəkili kimi, özəlləşdirmə çekləri ilə bağlı məsələni müdafiə etməyə hazıram”.
Gələcəkdə böyük özəlləşmə prosesində özəlləşdirmə çeklərindən istifadə olunmasının gözlənilən olduğunu vurğulayan sabiq dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, böyük özəlləşmədə daha çox çek lazım olacaq:
“Özəlləşdirmə prosesi ilə bağlı gedişata baxsaq görərik ki, respublikada kiçik və orta özəlləşdirmə artıq başa çatmaq üzrədir. Müəyyən müddətdən sonra böyük fabrik, zavod və müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu zaman özəlləşdirmə çeklərindən istifadə etmək mütləq lazım olacaq. Ona görə də kimin əlində özəlləşdirmə çekləri varsa, möhkəm saxlasın. Çünki böyük özəlləşdirmədə bu çeklərdən istifadə edilə bilər”.
Özəlləşdirmə çekləri ilə bağlı məsələyə toxunan hörmətli el ağsaqqalı, tibb elmləri namizədi, Tibb Universitetinin dosenti Rəşid Mahmudov da bildirib ki, vətəndaşlara məxsus əmlak onların haqqıdır və tapdalanmamalıdır:
“Ulu Öndər Heydər Əliyev ölkənin ən kasıb vaxtında bütün özəlləşdiriləcək əmlakların 65%-ni miras-əmlak payı kimi ölkə vətəndaşlarına verdi. Heydər Əliyev bu qərarı tarixi sosial ədaləti bərpa etmək üçün dövlətin siyasətinin əsas prinsipi olaraq qanunla qəbul edib. Ey siyasətçilər və deputatlar siz Ulu Öndər Heydər Əliyevdən ağıllı siyasətçi olacaqsınız ki, indi ölkənin ən varlı vaxtında, Dövlət Neft Fondunda milyardlarla vəsait olduğu halda büdcəni xalqa məxsus olan əmlakları satmaqla doldurmaq istəyirsiniz?!“.
Sonda onu da qeyd edək ki, əlində çekləri qalan 32 min vətəndaş haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Sözügedən AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/