14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkiləri yekunlaşdı. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən çox, onun əsas rəqibi Kamal Kılıçdaroğlu və “Millət İttifaqı” isə 44,9 faizə yaxın səs topladı.
Sürpriz nəticəni isə “ATA İttifaqı”nın namizədi Sinan Oğan göstərdi. Hər kəs 2 faiz civarında səs gözlədiyi halda, Sinan Oğan 5,2 faizdən yuxarı səs toplamağı bacardı.
Beləliklə, namizədlərin heç biri 50+ səs faizi toplamadığından, 28 mayda ikinci tur olacaq.
Kılıçdaroğlunun “xəyalları”, Ərdoğanın reallığı
Türkiyə cümhuriyyətinin 100-cü ilində keçirilən seçkilər cümhuriyyət tarixinin bəlkə də ən maraqlı və əzmkar seçkiləri oldu. Bunu namizədlərin göstərdiyi nəticələr də sübut edir.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən yuxarı səs toplasa da bu, əvvəlki illərə nəzərən aşağı nəticədir. Müqayisə üçün deyə bilərəm ki, 2014-cü ildə keçirilən seçkilərdə Ərdoğan 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplamışdı.
Buna baxmayaraq, Ərdoğanın 14 mayda əldə etdiyi nəticəni həm də məqbul saymaq olar. Məsələ ondadır ki, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, baş verən ardıcıl dəhşətli zəlzələ və s. səbəblər Ərdoğanın nüfuzuna müəyyən qədər zərbə vurmuşdu. Bütün bu neqativ nüanslara baxmayaraq Ərdoğanın 49,4 faizdən yuxarı səs toplaması təqdirəlayiqdir.
Ümumi mənada Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun nəticəsi də pis deyil. Yəni Kılıçdaroğlu büsbütün fiaskoya uğradı demək doğru deyil. Onun 44,9 faiz səsi toplaya bilməsi CHP-in siyasi müxalifət olmasına baxmayaraq ölkənin qurucu partiyası kimi dövlət və cəmiyyətdə öz dominantlığını qoruduğunu göstərir. Lakin buna baxmayaraq Kılıçdaroğlunun macərasının bununla yekunlaşdığını demək olar. Kılıçdaroğlunun ikinci turda qələbə qazanması real deyil.
Nəticə Sinan Oğandan asılı olacaq
Qeyd etdiyim kimi, “ATA İttifaqı”nın namizədi Sinan Oğanın 2 faiz civarında səs toplaması gözlənildiyi halda 5,2 faizdən yuxarı səs toplamağı bacarması gözlənilməz oldu.
Sinan Oğanın dili ilə desək, “Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm”.
Seçkilərin ikinci turunda Sinan Oğanın verəcəyi qərar həlledici olacaq. İkinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşünürəm. Çünki onun dəstəkçilərinin böyük bir qismi milliyətçidir və Ərdoğan Oğanla sövdələşməyə gedə bilər.
Politoloq Turan Rzayev
İnterpress.az