Pakistanda mayın 9-da başlayan və keçmiş baş nazir İmran Xanın həbsindən sonra hələ də davam edən internet məhdudiyyəti ölkənin informasiya texnologiyaları sektorunda gündəlik 5-6 milyon dollar itkiyə səbəb olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hökumət Xanın həbsindən sonra başlayan etirazlara görə internet və genişzolaqlı xidmətlərə məhdudiyyətlər qoymağa davam edir.
İnternetə qoyulan məhdudiyyət ötən həftə informasiya texnologiyaları sənayesində 30-35 milyon dollar itkiyə səbəb olub.
Pakistan Proqram Evi Assosiasiyasının sədri Zuheyb Xan deyib ki, davam edən məhdudiyyət informasiya texnologiyaları sənayesinə gündə 5-6 milyon dollar ziyan vurur.
Hökumətin bu addımının qlobal miqyasda ölkənin marka dəyərinə xələl gətirdiyini ifadə edən Xan, 600 mindən çox insanın bilavasitə informasiya texnologiyaları sektoru ilə əlaqəli olduğunu vurğulayıb.
Davam edən internet kəsilməsinin telefon operatorlarına, onlayn taksi xidmətlərinə və bir çox digər sektorlara yüz minlərlə dollar ziyan vurduğu bildirilir.
İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Seyit Eminul Hak Pakistan Telekommunikasiya Təşkilatının onlara aidiyyəti olmadığını və internet kəsilməsi ilə bağlı nazirliyə müraciət edilmədiyini bildirib.
Sosial media platformalarının və ya internetin məhdudlaşdırılmasının heç bir problemin həlli olmadığını vurğulayan Xan, internet xidmətlərinin məhdudlaşdırılmasının informasiya texnologiyaları sektorunda milyardlarla rupi zərərlə nəticələndiyini bildirib.
Hökumət sosial media platformalarına girişin düzəldildiyini elan etsə də, ölkənin bir çox bölgələrində istifadəçilərin bu platformalara daxil ola bilməyəcəyi bildirilir.
Pakistanda mayın 9-da keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etiraz nümayişləri səbəbindən internet və sosial media platformalarına giriş məhdudlaşdırılıb.






