İtaliyanın mərkəzi və şimal bölgələrində – Emilia Romagna bölgəsində leysan yağışlardan sonra meydana gələn sel fəlakəti səbəbiylə sağ koalisiya hökumətinin “fəlakət vəziyyəti” elan edəcəyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Həftənin əvvəlində bölgədə fəsadlar törədən leysan yağışlarının ardınca çayların daşması nəticəsində itkilərə səbəb olan sel fəlakəti yaranıb.
Qeyd edilib ki, 6 aylıq yağış ilk dədə 36 saatda yağıb və buna görə də bölgəyə dəymiş ziyanın “bir neçə milyard avro” dəyərində müəyyənləşib
Təbii fəlakətdə ölənlərin sayı 9-a yüksəlib.
Bildirilib ki, daşqın səbəbindən didərgin düşənlərin sayı 20 mini keçib.
Qeyd edilib ki, yanğınsöndürmə və mülki müdafiə qruplarının daşqın qurbanlarının xilas edilməsi üçün müdaxilələri gecə boyu davam edib.
Daşqın səbəbindən bölgədə 23 çayın daşdığı, 280 nöqtədə sürüşmənin baş verdiyi, 400 yolun nəqliyyata bağlandığı, 50 min insanın işıqsız qaldığı qeyd edilib.
Digər tərəfdən, İtaliya Kənd Təsərrüfatı Birliyi (Coldiretti) kənd təsərrüfatı istehsalı ilə məşğul olan 5 min fermanın sel suları altında qaldığını açıqlayıb.
Luqo kimi bəzi şəhərlərin mərkəzində suyun səviyyəsinin 1 metrə çatdığı bildirilib.
Bölgədə su altında qaldığı və ya sürüşmə nəticəsində zədələndiyi üçün nəqliyyata bağlanan yolların açılması üçün işlər davam etdirilir.