Azərbaycanın ən dilbər və səfalı guşələrindən biri,hətta bəlkə də,birincisi olan Kəlbəcərin girişindən etibarən şanlı Azərbaycan polisi və rəşadətli Azərbaycan Ordusu mənsublarının apardığı qüsursuz xidmət,vətəndaşa mehribanlıqla,yad gözlərə isə güllə kimi tuşlanmış baxışları əzəli Vətən torpaqlarının Vətən övladlarının güvənli əllərində olmasının göstəricisi oldu. Biz yeni nəslin yaşı az da olsa, 30 ilə yaxın dövr ərzində öz yurdlarını görə bilməyən,dədə-baba torpaqlarında yaşamaq hüququndan məhrum olan,bütün uşaqlıq və gənclik xatirələrini burada qoyub məcburi köçkün həyatına məhkum edilmiş kəlbəcərlilər, dünya birliyinin 30 il ərzində sərgilədiyi ədalətsiz mövqeyə, adı hər birimizə məlum olan qonşularımızın ikiüzlü siyasətinə və Avropa Şurası,ATƏT kimi qeyri-funksional qurumların mənasız “narahatlıqlarına” rəğmən, Azərbaycan rəhbərliyinin prinsipiallığı,Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və tarixi fədakarlığı hesabına yenidən öz məmləkətlərinə geri qayıdır. İnsan bu mənzərə qarşısında, Azərbaycan dövlətinin ən yeni və ən şərəfli tarixinin yenidən yazıldığını daha da dərindən idrak etmiş olur.
Doğrusunu desək,Kəlbəcərin yüksək dağ kəndlərinə sadəcə təbiəti seyr etmək, erməni vandalları tərəfindən dağıdılmış həmvətənlərimizin evləri və məzarlarını ziyarət etmək məqsədilə səfər etdik. Ancaq,Kəlbəcərin dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən ucqar dağ kəndlərində olduqca maraqlı hallarla rastlaşdıq. 30 il öncə yuvalarından didərgin salınmış yerli əhali, dağ kəndinin və uzunmüddətli işğal faktının gətirdiyi çətinliklərə baxmayaraq, Bakı başda olmaqla ölkənin dörd tərəfindən öz kəndlərinə axın edir, heyvandarlıq,arıçılıq və kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olurlar. Kənd əhalisi ilə söhbət zamanı isə,onların öz doğma kəndlərində yeni bir səhifə açmaq istədikləri, qurub-yaratmaq, məmləkətə yenidən həyat vermək niyyət və məqsədlərinin olduğu aydın olur. Bu konteksdə, rəşadətli Azərbaycan Ordusunun varlığı, bizi bir daha həm qürurlandırır,həm də duyğulandırır. Bu hislərin sintezi, öz valideynlərinin, nənə-babalarının və doğmalarının amansız işğala qədər ömür sürdüyü ata ocağına addım atan biri kimi məni daha da duyğulandırdı.
Bu duyğular, bizi – Qəhrəman Azərbaycan xalqını və Azərbaycan dövlətini, bir qrup barbar,işğalçı,talançı və cinayətkar xunta rejimindən və onları dəstəkləyən bütün bədbəxt revanşist qüvvələrdən fərqləndirən əsas xüsusiyyətdir. Biz bu torpaqlara həyat verəcəyik, dişimizlə,dırnağımızla,bütün var gücümüzlə azad olunmuş Qarabağ torpaqlarını yeni bir əhval-ruhiyyəyə qovuşduracağıq. Bu səfərdən çıxardığımız ən önəmli nəticə odur ki, bizim apardığımız mübarizə öz bərəkətli bəhrəsini verir. Bu mübarizə daha geniş sferada,istənilən platformada və bütün şərtlər altında davam edəcək. Bu sadəcə bəsit bir fikrin ifadəsi yox, bir millətin var olma,öz mövcudluğunu qoruyub-saxlama dirənişinin cümlələrə tökülmüş halıdır.
Kəlbəcər uğrunda apardığımız mübarizə kimi,Kəlbəcərin o biri tayı – tarixi Qərbi Azərbaycan ərazilərində hüquqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi uğrunda da mübarizəmiz davam edəcək. Bizim,öz haqlarımızı və haqq etdiklərimizi əldə etmək üçün heç bir dövlətə,dairəyə və ya beynəlxalq quruma verəcəyimiz hesabat yoxdur. Bu tarixi yazan Azərbaycan rəhbərliyi,Azərbaycan Ordusu, ölkə ictimaiyyəti və bütün çətin məqamlarda möhtəşəm həmrəylik nümayiş etdirən Azərbaycan mediasıdır. Biz bu tarixin hesabını vermişik və verəcəyimiz hansısa başqa hesab qalmayıb..Bura Kəlbəcər idi – nə okeanın o tayı,nə də regionda hegemonluq iddiasında olan o ayının müdaxilələrinə məhəl qoymadan azad etdiyimiz tarixi Azərbaycan torpağı!
Natiq Çıraqzadə
Türkiyədə yaşayan azərbaycanlı jurnalist
İnterpress.az