ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirib ki, Rusiya Belarusda Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçir. Bildirilib ki, “Vaqner”in Belarusda olduğunu təsdiqləyən xeyli əyani sübut var:
“Buna baxmayaraq, hərbi təşkilatın rəhbərliyi bu məlumatı təkzib edir. Belarusdakı “Vaqner” qüvvələrinin gözlənilmədən Rusiyaya məzuniyyətə getməsi və qrupun bir hissəsinin Afrika ölkələrinə qəfil “işgüzar səfər” etməsinə dair məlumat var”.
Belarus Müdafiə Nazirliyi dünən Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı.
“Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.
Əvvəl də dediyimiz kimi, “Vaqner”lə bağlı hələ də kifayət qədər sual var. Bir çox məsələlər hələ də qaranlıqdır. “Vaqner”in əslində kimə xidmət etdiyi, Belarusa nə üçün yerləşdirildiyi məlum deyil.
Ehtimallardan biri budur ki, Rusiya Belarusda yeni cəbhə açmağa hazırlaşır. “Vaqner” Belarusda lazımi hərbi təlimləri keçəndən sonra Ukrayna ərazisinə hücuma keçə bilər. Belarusun buna etiraz edəcəyini düşünmürəm. Əks halda rəsmi Minsk ümumiyyətlə “Vaqner”in öz ərazisində yerləşməsinə imkan verməzdi.
İkinci bir tərəfdən “Vaqner”in Belarus ərazisindən hücuma keçməsi əslində Belarusun da maraqlarına uyğundur. Çünki gələcəkdə Rusiyanın Belarusdan birbaşa müharibəyə qoşulmasını tələb edə bilər. “Vaqner”in döyüşlərə cəlb olunması isə Rusiya Silahlı Qüvvələrinin hələ ki, arxa planda qalmasına səbəb olacaq. Beləliklə, rəsmi Minsk qismən olsa da özünü sığortalaya biləcək. Çünki “Vaqner” Belarusu təmsil etmir.
Bundan başqa, Rusiya “Vaqner”dən həm də Belarus hakimiyyətinə təsir vasitəsi kimi istifadə edə bilər.
Polşa və Litva rəsmiləri daha əvvəl bildirmişdilər ki, “Vaqner” bu ölkələrlə sərhəddə təxribat törədə bilər. Belə bir ssenari mümkündür. Ola bilsin, hərbi təlimlər də ehtimal edilən provokasiya ilə bağlıdır. Amma bunun rəsmi Moskvaya nə qazandıracağı sual altındadır. Çünki ehtimal edilən sabotaj Rusiya – NATO toqquşması deməkdir.
Eyni zamanda Rusiyanın “Vaqner”dən Afrikadakı məqsədləri üçün də istifadə etməsi mümkündür.
Bütün hallarda “Vaqner hekayəsi” hələ bitməyib. Süprizlər mümkündür…
Kənan Novruzov
İnterpress.az