Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Bu barədə “İnterpress.az”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.
2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.