Xankəndində yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir və əsas tələb kimi hava məkanının açılmasını, yaralıların helikopterlərlə Ermənistana daşınmasını irəli sürürlər.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər.
Hava məkanının açılmasında ən çox maraqlı olanlar separatçılardır, həm keçmiş, həm hazırki “rəhbərlər”.
Politoloq bildirib ki, keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: “Onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır. Hazırki “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər. Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər, əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək”.