Burkina-Fasoda hökumət Afrika üçün məzmun istehsal edən fransız jurnalı Jeune Afrique-nin yayılmasını və jurnalın internet saytına girişi növbəti xəbərdarlıq edilənədək dayandırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hökumətin verdiyi açıqlamaya görə, jurnalın yayımı sentyabrın 25-dən dayandırılıb, sayta giriş də dayandırılıb.
Bəyanatda qadağaya səbəb kimi biri ötən həftə, digəri isə dünən dərc olunmuş iki məqalə göstərilib.
Açıqlamada “Burkina Fasoda ordu sıralarında gərginlik davam edir” və “Burkina Fasoda kazarmalarda narazılıq artır” başlıqlı iki məqalənin “yanıltıcı” olduğu bildirilib və nəşr ölkədə xaos yaratmaqda günahlandırılıb.
Hərbçilərin hakimiyyətdə olduğu Burkina Fasoda iyun ayında Fransanın LCI telekanalının yayımı üç ay müddətinə dayandırılıb, apreldə Liberation və Le Monde qəzetlərinin müxbirləri deportasiya edilib.
Mart ayında France 24 yayımı, 2022-ci ilin dekabrında isə Fransız radio RFI yayımları qadağan edilib.