Azərbaycanın kənd təsərrüfatı məhsullarının 60 %-i MDB ölkələrinin bazarlarına ixrac olunur və əsas hədəf bu məhsulların ixracının şaxələndirilməsidir.
“İnterpress.az” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən I Türk Dövlətlərinin II Aqrobiznes Forumunda bildirib.
“Bu istiqamətdə bir sıra yeni layihələr var. İxracın genişləndirilməsi üçün Avropa, Körfəz və Şərqi Asiya ölkələrini hədəfləmişik. Şaxələndirmə üçün isə bir sıra yeni mexanizmlər hazırlıq mərhələsindədir”, – deyə o qeyd edib.
“Hazırda Azərbaycan 326 adda kənd təsərrüfatı məhsulu ixrac edir, bazarlarımızın sayı 88-dir. Son 3 ildə ixracda davamlı artım müşahidə olunur. Yalnız pambıq lifinin ixracında azalma var. Bunun da müxtəlif səbəbləri var. Məsələn, əsas ixrac bazarı olan Türkiyədə zəlzələ baş verən bölgələrdəki müəssisələr fəaliyyətini dayandırıb”, – deyə T.Hacılı əlavə edib.