ABŞ zorakılıqla mübarizə aparan Haitiyə qoşun yeritməyi planlaşdıran Keniyaya resurslar və dəstək vermək üçün Nayrobi hökuməti ilə müqavilə imzalayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Keniyanın paytaxtı Nayrobidə keçirilən görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Austin və Keniyanın müdafiə naziri Aden Bare Duale iki ölkənin gələcək 5 il üçün müdafiə əlaqələrinə istiqamət verəcək sazişi imzalayıb.
Keniyanın müdafiə naziri Duale zorakılıqla mübarizə aparan Haitiyə dəstək üçün qoşun yeritməyə hazır olduqlarını bildirib. Ostin də bu çərçivədə Keniyanı dəstəkləmək üçün razılığa gəldiklərini ifadə edib.
Ostin görüşdən sonra verdiyi açıqlamada deyib: “Bu gün Keniya ilə strateji tərəfdaşlığımızın əhəmiyyəti ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsinin imzalanması ilə gücləndirildi”.
Keniyanın Şərqi Afrikada fəaliyyət göstərən Əl-Qaidə ilə əlaqəli terror təşkilatı Əl-Şəbab ilə mübarizədəki roluna diqqət çəkən Ostin, son aylarda artan zorakılıqda Haitiyə verdiyi dəstəyə görə Keniya hökumətinə təşəkkür etdi. Ostin Keniya səfərindən sonra son illərdə terrorla mübarizədə müxtəlif addımlar atan Anqolaya da səfər edəcək.
Rəsmilər qeyd edib ki, Ostin Keniya və Cibutiyə səfərləri zamanı ABŞ hərbçiləri ilə görüşəcək.