Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri ABŞ prezidenti Co Baydenlə Ukrayna, Rusiya, iqtisadiyyat və texnologiya məsələlərinin müzakirə olunacağı sammit keçirəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Şurası oktyabrın 20-də Ağ Evdə ABŞ prezidenti Bayden, Aİ Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə ABŞ-Aİ Sammitinin keçiriləcəyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, liderlər Aİ və ABŞ arasında əməkdaşlığı, Ukraynaya dəstəyi və Rusiyaya qarşı nələrin edilməsi lazım olduğunu qiymətləndirəcəklər.
Bəyanatda təhlükəsiz və davamlı təchizat zəncirlərinin yaradılması və qlobal təmiz enerji iqtisadiyyatının sürətləndirilməsi istiqamətində səylərin də müzakirə ediləcəyi, Aİ ilə ABŞ arasında kritik və inkişaf etməkdə olan texnologiyalar, o cümlədən rəqəmsal infrastruktur və süni intellekt sahəsində əməkdaşlığın müzakirə ediləcəyi qeyd edilib.
Bəyanatda iqtisadi dayanıqlığın artırılması və çətinliklərə qarşı atılacaq birgə addımların nəzərdən keçiriləcəyi vurğulanıb.
Əvvəlki Aİ-ABŞ Sammiti 2021-ci ilin iyununda Brüsseldə keçirilib və iclasda Aİ ilə ABŞ arasında Airbus-Boeing subsidiyaları ilə bağlı ticarət mübahisəsi həll olunub.
2021-ci ilin oktyabr ayında tərəflər 3 ildir davam edən polad və alüminium gömrük rüsumları mübahisəsinə həll yolu tapdılar və yeni qlobal davamlı polad tənzimləməsi üzərində birlikdə işləməyə başlayıblar.