“Qənirə Paşayeva Türk dünyasının sevimlisi idi”.
“İnterpress.az” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkili Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
O, Qənirə Paşayevanın ölümü xəbərinin çox kədərli olduğunu bildirib: “İkinci Qarabağ müharibəsindəki həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir. O, bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Qənirə xanımın çox sevəni var idi. Türkiyədə kimdən soruşsan, hər kəsin onunla bir yaxşı xatirəsi var. Qənirə Paşayeva Türkiyə ilə bağlı kitab yazmağı arzulayırdı. Amma ömür vəfa etmədi. Ruhu şad olsun”.
Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-də vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Xatirladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru olub.
1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.
Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.