Afrikadan “daha yaxşı həyat” axtarışına çıxan nizamsız immiqrantların marşrutuna çevrilən Mərkəzi Aralıq dənizində həyatını itirən və ya itənlərin sayının bu yay əvvəlki ilə müqayisədə 3 dəfə artdığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi yazılı açıqlamaya görə, Mərkəzi Aralıq dənizi ən təhlükəli miqrasiya yollarından biri olmağa davam edir.
İlin əvvəlindən Mərkəzi Aralıq dənizini keçərək valideynləri və ya yaxınları olmadan İtaliyaya çatan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 11 min 600-ə çatıb.
Bundan əlavə, iyun-avqust ayları arasında bu marşrutda uşaqlar da daxil olmaqla azı 990 nəfər ya həyatını itirib, ya da itkin düşüb. Ötən ilin eyni dövründə ölən və ya itkin düşən 334 nəfərlə müqayisədə bu rəqəm 3 dəfə artıb.
Bəzi qayıq qəzaları qeydə alınmadığı üçün bu rəqəmin daha da çox ola biləcəyi bildirilir.