Nigerdə törədilən terror aktı və ardınca baş verən yol qəzasında 12 əsgər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, paytaxt Niameydən 200 kilometr aralıda yerləşən Tillaberi bölgəsindəki Kandadji şəhərində motosikletli naməlum şəxslər ordunun mövqelərinə hücum edib.
Hücumda 7 əsgər həyatını itirib, hücuma məruz qalan birliyi gücləndirmək üçün yola çıxan 5 əsgər isə yol qəzasında həyatını itirib.
Terrorçularla qarşıdurmada 100-ə yaxın terrorçu zərərsizləşdirilib, onların silahları və motosikletləri müsadirə edilib.
Avqust ayında Tillaberi bölgəsində iki fərqli şəhərdə törədilən iki ayrı terror hücumunda ümumilikdə 29 əsgər həyatını itirmişdi.
Tillaberi, “3 ölkə sərhədi” kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.
Sözügedən sərhəd xətti Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının tez-tez hücumlarına məruz qalır.