Cümə günü, oktyabrın 6-da Gürcüstan Həmkarlar İttifaqı layiqli minimum əməkhaqqının müəyyən edilməsi ilə bağlı parlamentə təşəbbüs təqdim edəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilib ki, təşəbbüs təsdiqlənərsə, təxminən 190 min Gürcüstan vətəndaşının maddi vəziyyəti yaxşılaşacaq.
Xüsusilə, Həmkarlar İttifaqının qanunvericilik təklifinə əsasən, Gürcüstanda minimum əməkhaqqı 1999-cu ildə müəyyən edilib və ayda cəmi 20 lari təşkil edir. Bu məbləğ ölkə üzrə yaşayış minimumundan 12,5 dəfə, orta əməkhaqqından isə 80 dəfə azdır.
Müvafiq olaraq, Gürcüstan Həmkarlar İttifaqı hesab edir ki, minimum əməkhaqqı “Sakstat”ın hesabladığı illik orta əmək haqqının 40%-nə qədər artırılmalıdır.
Məlumat üçün bildirək ki, Sakstatın 2022-ci il üçün ilkin məlumatlarına əsasən, Gürcüstanda orta əməkhaqqı 1591,8 lari təşkil edib. Müvafiq olaraq, Həmkarlar İttifaqının təşəbbüsü təsdiqlənərsə, bu məlumatlara görə, ölkədə minimum əməkhaqqı – 636,4 lari olmalıdır.
Bundan əlavə, Gəlirlər Xidmətinin 2023-cü ilin fevral məlumatlarına əsaslanaraq, Həmkarlar İttifaqı Gürcüstanda 12 555 nəfərin maaşının 100 laridən aşağı olduğu barədə məlumat yayıb. Bu o deməkdir ki, onlar ayda orta hesabla 55 lari kompensasiya alırlar.