İran altılıq platformasını niyə indi gündəmə gətirdi? – Səmimi olmaya da bilərbackend

İran altılıq platformasını niyə indi gündəmə gətirdi? – Səmimi olmaya da bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Onun sözlərinə görə, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

Məlum olduğu kimi, altılıq platmormasının təşəbbüskarları Azərbaycan və Türkiyədir. Məqsəd Cənubi Qafqaz regionunda əməkdaşlığı təmin etməkdir.

Son zamanlaradak rəsmi Tehran bu məsələyə soyuq yanaşırdı. Amma görünür, intensiv təmaslar nəticə verir.

İran başa düşür ki, artıq Azərbaycan və Türkiyə regionda yeni siyasi reallıqlar yaradır. İkinci bir tərəfdən, Qərb Tehranı getdikcə sıxışdırır. Belə bir vaxtda İranın Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması təəccüblü deyil. Türkiyə ilə münasibətlərin normallaşması isə, şübhəsiz ki, həm də İranın Azərbaycana qarşı bir müddət davam edən aqressiv ritorikasının aradan qalxmasını tələb edir.

Amma bütün hallarda iranlı nazirin açıqlaması ikibaşlıdır. Öncə, onu deyək ki, Qafqazdakı problemlər artıq həll olur. Azərbaycan bunu öz gücü hesabına edir. Əlavə hansısa təşəbbüsə ehtiyac yoxdur. Onsuz da indiyədək üçüncü qüvvələrin səyləri, müxtəlif platformalar, demək olar, nəticəsiz qalıb. Rəsmi Bakı bütün hərbi və diplomatik uğurlara öz gücü, Ankaranın isə mənəvi dəstəyi ilə nail olub.

Azərbaycanın regionda yeni reallıqlar yaratdığı aydındır. Bu reallıqların İranın maraqlarına nə qədər uyğun olduğu isə sual altındadır. Tehran tədricən “ofsaytda” qalacağından, regional təsirinin azalacağından narahat ola bilər. Bu mənada cənub qonşumuzun altılıq platformasında çərçivəsində regional proseslərə təsir etmək niyyətində olması istisna deyil.

Əlbəttə, altılıq platforması yaranacaqsa, bu, ancaq regional sabitliyə, əməkdaşlığa xidmət etməlidir. Bunun üçün isə əvvəlcə Ermənistanla Azərbaycan, Gürcüstanla Rusiya arasında münasibətlər normallaşdırılmalıdır. Qeyd etməliyik ki, altılıq platforması yaxın gələcək üçün real görünmür. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var.

Abdullahiyanın altılıq platformasını niyə yenidən gündəmə gətirməsi dəqiq deyil. Yuxarıda vurğuladığımız hər iki versiya mümkündür: İran ya, doğrudan da, reallıqları anlayır və buna uyğun mövqe ortaya qoyur, ya da yeni planlar axtarışındadır.

İndiki məqamda Azərbaycan təmkinli davranmalı, proseslərə adekvat reaksiya verməlidir. İran isə səmimiliyini göstərmək üçün əməli addımlar atmalıdır.

Kənan Novruzov
İnterpress.az