“Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür”.
İnterpress.az xəbər verir ki, bu fikir ABŞ-nin siyasi xəbər saytı olan “The Hill”in “Dağlıq Qarabağın ağır dərsləri” adlı məqaləsində yer alıb.
Bildirilib ki, Azərbaycan bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm dostu və müttəfiqidir. Rusiya, Çin və ABŞ-nin beynəlxalq sistemi pozduğu bir dünyada Azərbaycan kimi qərarlı aktorlar və Türkiyə kimi regional güclər daha böyük üstünlüyə malikdir və onlar strateji uğurlar qazana bilər.
Məqalədə Azərbaycanın müharibədə həlledici qələbə qazanmasına xüsusi diqqət çəkilib: “Azərbaycan torpaqları 1988-1994-cü illərdə yaşanan münaqişə zamanı işğal olunub. Döyüşlər başa çatanda Azərbaycan ərazisinin 20 faizi artıq Ermənistan tərəfindən işğal edilmişdi. İndiki dönüş isə Azərbaycan üçün həlledici qələbə ola bilər, bunun əks-sədası artıq strateji Qafqaz regionundan çox uzaqlara gedib çıxır. 35 ildir davam edən müharibənin son raundunda Azərbaycan qalib gəldi və bu, ermənilərin Qarabağdakı qondarma “dövlət”lərini ləğv etməsi ilə nəticələndi. Çünki 10 milyon əhalisi olan Azərbaycanın bu gün tam təchiz olunmuş güclü ordusu var”.
Məqalədə Rusiya-Ermənistan münasibətlərinin pozulmasından da bəhs olunub: “Savaş həm də onu göstərdi ki, Rusiya Prezidenti Vladimir Putin ermənilərlə 200 illik ittifaqı, bəlkə də, ölümcül şəkildə pozdu. Çünki Rusiya Qarabağda rus sülhməramlılar olmasına rəğmən, müharibəyə müdaxilə etmədi. Ona görə də Paşinyan və erməni elitasının bir çoxları Rusiyanın bu davranışına cavab kimi ölkənin istiqamətini yenidən Qərbə yönəltmək istəyirlər. Bu yaxınlarda Ermənistan ABŞ ilə hərbi təlim keçirməyə başladı. Hazırda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması istiqamətində mühüm addım olan Roma statutunun ratifikasiyası üzrə planlar hazırlanır”.