Oktyabrın 5-6-da Azərbaycan Mərkəzi Bankı (AMB), Milli Depozit Mərkəzi (MDM) və “Bakı Fond Birjası” QSC-nin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti təlim təşkil olunub.
İnterpress.az xəbər verir ki, təlimdə AMB-nin tətbiq etdiyi prudensial tənzimləmə çərçivəsi, kapital bazarlarının üstünlükləri, həmçinin MDM-in fəaliyyət istiqamətlərinə dair mövzularda təqdimatlar keçirilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Xatırladaq ki, əsas hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat, maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələlərini AMB daim diqqət mərkəzində saxlayır. Pul və maliyyə sabitliyi siyasətini geniş ictimaiyyətin aydın başa düşməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.
AMB bu xüsusda media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil edir.