NATO-nun baş katibi Yens Stoltenberq NATO qoşunlarının Kosovoda sülhü qorumağa hazır olduğunu açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Almaniyanın Welt am Sonntag qəzetinə verdiyi açıqlamada Stoltenberq Kosovodakı vəziyyətin narahatlıq doğurduğunu bildirib.
1990-cı illərdəki şiddətin geri dönməsinə icazə verməyəcəklərini vurğulayan Stoltenberq deyib ki, bunu açıq şəkildə demək istəyir, NATO əsgərləri Kosovoda sülhü qorumağa hazırdır.
Serbiya və Kosovonun Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə dialoqa qayıtmasını tələb edən Stoltenberq, bunun daimi sülhə nail olmağın yeganə yolu olduğunu bildirib.
Moskvanın Ukrayna müharibəsində taktiki nüvə silahından istifadə etmək hədəsinə gəlincə, NATO-nun baş katibi Stoltenberq Rusiyanın nüvə ritorikasını “tamamilə məsuliyyətsiz” hesab edib, lakin Rusiyanın nüvə silahından istifadə riskinin aşağı olduğunu qeyd edib.
Rusiyanın nüvə müharibəsinin əsla qazanıla bilməyəcəyini və başlamamalı olduğunun fərqində olduğunu ifadə edən Stoltenberq bildirib ki, Rusiyanın fəaliyyətlərini çox yaxından izləməyə davam edirlər. NATO nüvə ittifaqıdır və nüvə qarşısının alınması 75 ildir işləyir.
Stoltenberq Rusiyanın qış aylarında Ukraynanın enerji şəbəkəsinə daha çox hücum etməsinin gözlənilə biləcəyini ifadə edib və havadan müdafiənin ukraynalıların həyatını xilas etmək üçün çox əhəmiyyətli olduğunu qiymətləndirib.
Stoltenberq Polşadakı seçkilərə və Slovakiyada hökumətin qurulması səylərinə toxunaraq deyib:
“Slovakiya və Polşa Ukraynanın etibarlı dəstəkçiləridir. Hər iki ölkə Kiyevi əhəmiyyətli hərbi texnika, o cümlədən döyüş təyyarələri ilə təmin edir. Bratislava və Varşavada gələcək hökumətlər nə olursa olsun, NATO müttəfiqləri birlikdə dayanmağa davam edəcək”.