6 oktyabr 2023-cü il tarixində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri cənab Sultan bin Saad Al-Mureyxi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) üzvləri arasında görüş baş tutub.
İnterpress.az xəbər verir ki, ilk öncə qonaqlar QHGT-nin mənzil qərargahı ilə tanış olub və onlara Təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat təqdim edilib.
QHGT-nin mənzil qərargahında keçirilmiş görüşdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təşkilatın QH üzv dövlətlərindən olan gənclər arasında əməkdaşlığın irəlilədilməsində roluna və gənclərin iştirakı ilə bu tipli yüksək səviyyəli görüşlərin əhəmiyyətinə vurğu edib.
Daha sonra söz alan cənab Sultan bin Saad Al-Mureyxi gənclərə tədbirə göstərdikləri geniş maraq üçün təşəkkür edib və Qətərin gənclərin inkişafı istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüslərdən bəhs edib. Cənab nazir bu sahədə QHGT-nin təqdirəlayiq rolundan söz açaraq, Təşkilatın yaratdığı platformanın gəncləri arasında dialoq və əlaqələrin gücləndirilməsində önəmli rolu olduğunu bildirib.
Görüş sual-cavab sessiyası ilə davam edib. Gənclər Qətər rəsmisinə QH üçün bir sıra vacib gündəm mövzuları, o cümlədən dayanıqlı inkişaf, iqlim dəyişikliyi kimi məsələlərlə bağlı suallar ünvanlayıblar.
Sonda QHGT adından nazirə Təşkilatın emblemini əks etdirən hədiyyə təqdim olunub. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda QHGT-nin üzv dövlətlər üzrə 48 milli bölməsi nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa və əməkdaşlığa təkan verir.