Fransada TotalEnergies şirkətinə 2021-ci ildə Mozambikdə törədilən terror aktlarında işçilərinin təhlükəsizliyini təmin edə bilmədiyi səbəbilə “ehtiyatsızlıqla adam öldürmə” ilə bağlı cinayət işi açıldığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, 2021-ci ildə Mozambikin Palma şəhərində törədilən terror aktlarında həyatını itirənlərin yaxınları Fransanın TotalEnergies neft şirkəti haqqında “işçilərinin təhlükəsizliyini təmin etməmək” və “ehtiyatsızlıqdan ölümə səbəb” olmaqda günahlandırır.
İŞİD-ə bağlı “Əş-Şəbab” təşkilatının terror aktlarını intensivləşdirdiyi dövrdə bölgədə qaz fəaliyyəti həyata keçirən “TotalEnergies” şirkəti səhlənkarlıqda və subpodratlı işçilər üçün lazımi təhlükəsizlik tədbirlərini görməməkdə ittiham olunur. “TotalEnergies” həmin vaxt terror aktları səbəbindən bölgədəki fəaliyyətini dayandırmışdı. Fransız şirkəti haqqında cinayət işi açanların hücumlardan sağ çıxanlar və həyatını itirən subpodratlı işçilərin yaxınları olduğu bildirilir. Oktyabrın 2-də Fransadakı ətraf mühit təşkilatları TotalEnergies-ə qarşı “Afrika ölkələri Uqanda və Tanzaniyada neft hasilatı fəaliyyəti ilə iqlim dəyişikliyinə təkan vermək” ittihamı ilə cinayət işi qaldırıb.