İngiltərənin Luton hava limanında avtomobil dayanacağında baş verən yanğın digər mərtəbələrə də keçib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Dayanacaqda qismən çökmə baş verərkən, bütün uçuşlar dayandırılıb.Dünən yerli vaxtla saat 20.47 radələrində İngiltərənin Luton hava limanında çoxmərtəbəli avtomobil parkının üçüncü mərtəbəsində avtomobildə yanğın baş verib.
Əraziyə yanğınsöndürmə briqadası göndərilərkən, sürətlə böyüyən alov dayanacağın digər mərtəbələrinə də keçib.
Bedfordshire Yanğın və Xilasetmə Xidmətinin Yanğından Mühafizə rəisi Endryu Hopkinson bildirib ki, yanğına 15 yanğınsöndürən maşın, 3 təyyarə və 100-dən çox yanğınsöndürən müdaxilə edib.
Yanğın zamanı dayanacaqda 1500-dən çox vasitə olduğunu bildirən Hopkinson, dayanacaqda qismən çökmə olduğunu və 1200 avtomobilin zədələndiyi güman edildiyini bildirib.
Bütün uçuşlar dayandırılıb
Luton Hava Limanından bildirilib ki, prioritet təcili yardım xidmətlərinin, sərnişinlərimizin və işçilərinin təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən 11 oktyabr Çərşənbə günü saat 15.00-a qədər bütün uçuşları dayandırmağa qərar verdik.
Yanğında insan itkisi olmasa da, tüstüdən zərər çəkən 4 yanğınsöndürən və 1 hava limanı əməkdaşı xəstəxanaya yerləşdirilib.
Söndürmə işləri səhər saatlarına qədər davam edib. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.