Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyi (DANS) Ukraynada rus əsgərlərinə hərbi texnika göndərdiyi iddiası ilə 12 nəfərin saxlanıldığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qurumun yaydığı açıqlamada müxtəlif ünvanlarda saxlanılanlardan 3-nün Rusiya, birinin Albaniya, birinin Belarus, digərlərinin isə Bolqarıstan vətəndaşları olduğu bildirilib.
DANS-ın baş direktoru Plamen Tonçev açıqlamasında bildirib ki, Plovdiv şəhərində cəbhə şirkəti yaradan şəxslər durbin, ballistik ölçü alətləri, aviasiya radioları kimi müxtəlif materialları toplayıb, yenidən qablaşdıraraq yüklə Rusiyaya göndəriblər.
Təxminən 2 milyon avro dəyərində olan materialın Ukraynada döyüşən “Rosqvardiya” kimi tanınan 26-cı Xüsusi Əməliyyat Qrupu və “Vaqner” bölmələri tərəfindən götürüldüyü açıqlanıb.
Açıqlamada, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri saxlanılanların Plovdiv, Varna və Veliko Tırnovo şəhərləri ilə yanaşı, paytaxt Sofiyada da aktiv olduqları bildirilib.
Bolqarıstan Ukraynanı dəstəkləyir və silah yardımı edir, lakin prezident Rumen Radev və müxalifətin bəziləri yardıma qarşı çıxır.