Son 18 ayda ABŞ-ın Texas ştatı rəhbərliyi Meksika-Texas sərhədini keçən immiqrantlardan 51 min 840 nəfərini avtobuslarla ABŞ-ın digər şəhərlərinə göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Texas qubernatoru Greg Abbott “Tək Ulduz Əməliyyatı” çərçivəsində 2022-ci ilin aprelindən etibarən immiqrantlardan 18 min 500-nün Nyu Yorka, 13 min 500-nün Çikaqoya, 12 min 500-nün Vaşinqtona, eyni zamanda Denverə 3200 nəfərin, Los Ancelesə 940 nəfərin köçürüldüyünü bildirib.
Belə ki, o, son 1,5 ildə Meksika-Texas sərhədini keçən immiqrantlardan 51 min 840 nəfərini avtobusla başqa şəhərlərə göndərdiklərini söyləyib.
Qubernator qeyd edib ki, “Tək Ulduz Əməliyyatı” Bayden administrasiyasının sərhədi qorumaqdan imtina etməsi nəticəsində yaranan təhlükəli boşluqları doldurmağa davam edəcək.
Qubernator Abbott keçən həftə elan edib ki, əyalət polisi və təhlükəsizlik qüvvələri artıq xarici ölkələrdən qeyri-qanuni yolla ştata daxil olacaq şəxsləri həbs edəcəklər.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi son 2 ayda Texas-Meksika sərhədinə 250 min immiqrant axını olduğunu açıqlayıb.