Gürcüstanda qətlə yetirilən Dmanisi bələdiyyəsinin Məmişlər kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın təhsil aldığı Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılovun dindirilmə zamanı halı pisləşib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, hadisə direktorun Dmanisi Resurs mərkəzində Aytac Şahmarova barədə baş müfəttişlik tərəfindən sorğulandığı zaman yaşanıb.
Məktəb direktoru Hamlet İsmayılov klinikaya aparılarkən jurnalistlərə yeniyetmənin evləndirilməsi ilə bağlı məlumatsız olduğunu deyib.
“Evliliklə bağlı heç bir məlumatım yox idi. Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gündən sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib”, -deyə məktəb direktoru vurğulayıb.
Məlumat üçün bildirək ki, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 28 yaşlı Alim Sadiqov, Dmanisidə anası ilə birgə yaşayan 14 yaşlı Aytac Şahmarovanı 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırıb.
Bildirilir ki, cütlük 2 ay qeyri-rəsmi nikahda olub. Yetkinlik yaşına çatmamış qız evliliyin əleyhinə olduğu üçün, bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa cəhd edib.
Sonuncu dəfə Aytac Şahmarova evdən qaçmaq istəyən zaman A. Sadiqov onu odlu silahdan 3 dəfə atəş açaraq vurub, yeniyetmə aldığı güllə yarasından yerindəcə keçinib.
Cinayət baş verdikdən bir neçə gün sonra, polis Alim Sadiqovu həbs edib. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Bundan əlavə, Aytac Şahmarovanın anası və dayısı barədə də həbs-qətimkan tədbiri seçilib. Onlar evliliyə məcbur etmə və cinayət barədə polisə xəbər verməməkdə ittiham edilirlər.