“Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb”.
İnterpress.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O söyləyib ki, politologiya elminə görə, liderin əsas vəzifəsi cəmiyyətdə fəallığa nail olmaq, onu konkret məqsəd uğrunda səfərbər etməkdir: “Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik və özünü məsələnin mahiyyəti ətrafında səfərbər etmək bacarığı həlledici şərtlərdir. Prezident İlham Əliyev müəllifi Ulu Öndər olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi. “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”, – deyən cənab İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, məhz İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi:
“Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar nəticəsində formalaşmış mükəmməl dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlər təşkil olunarkən, COVID-19 pandemiyası zamanı, Vətən müharibəsi dövründə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng bərpa və yenidənqurma işlərində öz yüksək effektivliyini aydın nümayiş etdirdi. Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğun çevik icra mexanizmlərinin tətbiqi, bacarıqlı və savadlı gənc kadrların idarəçilik prosesinə cəlb edilməsi və həyata keçirilən digər tədbirlər qəbul olunan qərarların, dövlət başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün etibarlı zəmin yaratmışdır”.