“Qəzzada xəstəxanaya hansı tərəfin – İsrailin, yoxsa Həmasın zərbə endirməsi beynəlxalq gündəmdə əsas müzakirə mövzularından biridir”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Qəzzaya əməliyyat keçirən tərəf İsrail olduğu üçün ilk diqqət onun üzərinə yönəlir, keçmiş təcrübə də belə düşünməyə əsas verir. Lakin Təl-Əviv bu ittihamı qəbul etmir. Belə müəmmalı hadisələrdə bir məqam əsas ip ucu olur: nəticədən kim qazandı? İsrailin əməliyyata başlayanda beynəlxalq ictimai rəydə qazandığı “haqlı” mövqeyi zəiflədi, o cümlədən, ilk hücuma keçəndə Həmas haqda yarana mənfi rəy azaldı. Hadisədə müharibənin davam etməsini və müsəlman dünyasının İsrailə qarşı birləşməsini, eləcə də ərəb ölkələrinin İsraillə normallaşan, döyüşlər başlayandan sonra isə çıxılmaz vəziyyətə düşmüş münasibətlərinin daha da kəskinləşməsini istəyən tərəflər də maraqlı ola bilər”, – o əlavə edib.