Şotlandiyada “Babet” qasırğasının yaratdığı güclü külək, yağış və sel nəticəsində iki nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şotlandiya polisi ölkənin bəzi bölgələrini təsir edən şiddətli fırtına səbəbindən Anqus bölgəsində yıxılan ağacın mikroavtobusa dəydiyini və 56 yaşlı sürücünün öldüyünü təsdiqləyib.
Polisin verdiyi məlumata görə, ötən gün güclü yağış nəticəsində daşan çaya sürüklənən 57 yaşlı qadının cəsədi çaydan çıxarılıb. Bundan əlavə, bir sürücünün bir gecədə sel sularında qaldığı bildirildikdən sonra axtarış işləri davam edir.
Fırtına Şotlandiyanın şimal-şərqində güclü daşqınlara səbəb olsa da, Anqus şəhəri Breçin və ətrafında xilasetmə işləri davam edir.