Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, artıq həm şimaldan, həm də cənubdan daxil olan tranzit, daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq: “Yük və sərnişindaşıma prosesi bir qədər də asanlaşacaq. Bu yolun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması, turizmin daha da inkişaf etdirilməsi və sosial baxımdan digər bir çox sahələrin də inkişafı təmin olunacaq”.Anar Nəcəfli
A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib: “Bu, yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib”.
AAYDA rəsmisi bildirib ki, avtomobil yolu boyunca kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.