“Müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır”.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək: “Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz bu ilə – Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.
Ə.Əsədov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adından, Azərbaycan hökuməti və xalqı adından Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürünü ifadə edib: “Bir məqamı da qeyd etmək istərdim, Azərbaycanda da hər zaman olduğu kimi, Gürcüstanın görkəmli şəxsiyyətlərinə böyük hörmət və ehtiramla yanaşılır. Belə ki, bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olar Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə onun xatirə lövhəsi vurulub. Eyni zamanda Azərbaycanın Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adı verilmiş və bu, müvafiq qaydada rəsmiləşdirilib”.