Şimali Koreyanın bəzi Afrika ölkələrinin ardınca İspaniyanın paytaxtı Madriddəki səfirliyini həmişəlik bağladığı bildirilir. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Pxenyan rəhbərliyi Madriddəki səfirliyini bağladı və Roma səfirliyinin İspaniyada da fəaliyyət göstərəcəyini bildirib.
Şimali Koreya qərarının səbəbini açıqlamasa da, mətbuatda bu qərarın Pxenyanın qlobal sanksiyalar səbəbiylə yaşadığı iqtisadi böhranla bağlı olduğu şərhləri verilib.
2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirlik açıb.
Şimali Koreyanın Madriddəki ilk səfiri Kim Hyok-chol Pxenyanın nüvə sınaqları və raket sınaqlarına görə 2017-ci ildə “persona non-qrata” elan edilib və deportasiya edilib.
Şimali Koreya bu yaxınlarda Anqola və Uqandadakı səfirliklərini bağlayıb və səfirlərini geri çağırıb.