Döyüş meydanından səkkiz yaralı yoldaşını çıxaran qəhrəman çavuşbackend

Döyüş meydanından səkkiz yaralı yoldaşını çıxaran qəhrəman çavuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər cəbhədə baş verənlər həm də bizim bir millət olaraq vətənin çətin günündə, düşmən qarşısında bir ola bildiyimizi, böyükdən kiçiyə hər kəsin döyüş əhvali-ruhiyyəsində olduğunu üzə çıxardı. Bu döyüşlərdə qorxmaz Azərbaycan əsgəri həm də öz mərdliyini, qorxmazlığını sübuta yetirmiş oldu. Döyüşlərdə Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Bu yazımızda hazırda hərbi hospitalda müalicə olunan, N saylı hərbi hissənin kiçik çavuşu, manqa komandiri Niyazi İsgəndərovun göstərdiyi şücaətlərdən bəhs edəcəyik. Bu barədə bizə onun qardaşı Elvin İsgəndərov məlumat verdi.
“Minomyot qəlpəsindən yaralanıb”
Dediyinə görə, qardaşı kiçik çavuş Niyazi İsgəndərov aprelin ilk günlərində cəbhədə baş verən döyüş əməliyyatları zamanı əvvəlcə 3 əsgəri döyüş bölgəsindən çıxarmağı bacarıb: “Şiddətli döyüşlər zamanı qardaşım öz hərbçi yoldaşı ilə birgə yaralanmış 3 əsgəri döyüş bölgəsindən təhlükəsiz əraziyə çətinliklə də olsa çıxarıb. Bundan sonra o, yenidən döyüşə davam edib”.
Elvin İsgəndərov qardaşının döyüş bölgəsindən çıxardığı yaralı əsgərlərdən birinin sosial şəbəkədə paylaşdığı statusu da bizə oxudu: “Dostlar, hərbi hospitalda yatan hərbçilərimizə dua edək. Onların içərisində məni xilas edən, yaralananda döyüşdən çıxaran və məndən başqa, bir neçə əsgəri qorxmazcasına xilas edən, bizi xilas etdikdən sonra döyüşə atılan kiçik çavuş Niyazi İsgəndərov da var. Şiştəpə alındıqdan sonra o, minomyot qəlpəsindən yaralanıb. Dua edək”.

Döyüş meydanından səkkiz yaralı yoldaşını çıxaran qəhrəman çavuş

“Yenidən cəbhəyə qayıtmaq istəyir”
Elvin İsgəndərov qeyd etdi ki, qardaşı yaralı əsgərləri döyüş bölgəsindən çıxardıqdan sonra yenidən aktiv döyüş əməliyyatlarına qayıdıb: “Səhərisi gün qızğın döyüşlərdə daha 5 nəfər əsgərimiz yaralanıb. Qardaşım onları öz tərəfimizə çəkib çıxararkan qəlpə yarası alıb. Hazırda hərbi hospitaldadır və yaxın günlərdə qolundan əməliyyat olunub qəlpə çıxarılacaq. Vəziyyəti yaxşıdır, döyüş əzmi yenə də yüksəkdir, yenidən cəbhəyə qayıtmaq, Vətənə xidmətini davam etdirmək barədə düşünür. Onu da qeyd edim ki, yaralı əsgərlərindən 4 nəfəri hazırda onunla eyni hospitalda müalicə olunur. Hər gün əsgərlərə baş çəkir, onlarla söhbətləşir, valideynlərinə mənəvi dəstək olur”.
“Güllə qaraciyərini və böyrəyinin üstünü zədələmişdi”
Qardaşı ilə söhbət zamanı bir maraqlı məqamı da öyrəndik. Belə ki, 2015-ci ildə ordumuz cəbhədə düşmən təxribatının qarşısını alarkən Niyazi İsgəndərov da yaralanıbmış: “Ötən il mayın 5-də snayper gülləsindən yaralanmışdı. Güllə qaraciyərini və böyrəyinin üstünü zədələmişdi. 3 aya yaxın müalicə olunduqdan sonra yenidən hərbi xidmətə başlamışdı. Bununla artıq ikinci dəfədir ki, yaralanıb. Qardaşım bu dəqiqə də istəyir ki, sağalıb ayağa dursun və yenidən cəbhəyə qayıtsın”.
Qeyd edək ki, qəbul imtahanlarında 700 bal toplamış, bir neçə gün öncə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Müşfiq Orucov Niyazi İsgəndərovun əsgəri olub. (Zaman qəzeti)

İnterpress.az