Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev Təzəpir məscidinin tarixi, Prezident İlham Əliyevin sərəncamı ilə kompleksdə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Sonra Məsud Soltanifəri QMİ-nin kitabxanası ilə tanış olub. Kitabxanada 6 min nüsxə nadir əlyazmanın mövcudluğu haqqında qonağa məlumat verilib.
Daha sonra qonağı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. Şeyxülislam Məsud Soltanifərinin Azərbaycana səfərini, keçirdiyi rəsmi görüşləri yüksək dəyərləndirib. O, Azərbaycanla İran arasında münasibətlərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb, beynəlxalq aləmdə ölkəmizə verdiyi dəstəyə görə qonşu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib.
QMİ sədri Azərbaycanda mövcud olan tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə edilən nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlərdən danışan şeyxülislam ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.
A.Paşazadə həmçinin Qarabağ probleminin ədalətli həlli istiqamətində İranın səylərini yüksək qiymətləndirib, Azərbaycana verdiyi dəstəyə görə İrana minnətdarlığını ifadə edib.
Öz növbəsində də İran Prezidentinin müavini Məsud Soltanifəri Qafqaz Müsəlmanları İdarəsinin sədrinə minnətdarlığını bildirib. Azərbaycanla əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb, iki qonşu dövlət arasında qarşılıqlı münasibətlərin inkişafı üçün görüləcək işlərdən danışıb. Həmçinin Azərbaycanın son illərdə bütün sahələrdə irəliləyişə nail olduğunu bildirib.